Qəbələ rayonunda “Gənc Tibb İşçilərinin Konfransı” keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Heydər Əliyev Konqres Mərkəzində keçirilən konfransın əsas məqsədi gənc tibb işçilərinin peşəkar inkişafının dəstəklənməsi, əmək hüquqları, psixoloji rifahı və karyera imkanlarının müzakirəsi, eləcə də gənc mütəxəssislərin regionlarda fəaliyyətinin təşviq edilməsi olub.
Tədbirdə dövlət qurumlarının, səhiyyə strukturlarının və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri ilə yanaşı, Qəbələ, Oğuz, Balakən, Qax, Zaqatala və Şəki şəhər və rayonlarından olan gənc tibb işçiləri iştirak ediblər.
Konfrans çərçivəsində iki panel müzakirəsi keçirilib. “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusunda I paneldə karyera planlaması, davamlı peşəkar inkişaf, psixoloji rifah və həmkarlar ittifaqlarının gənc səhiyyə işçilərinin sosial rifahındakı rolu müzakirə olunub.
“Gənclərin regionlarda inkişaf yolu” adlı II paneldə isə gənc kadrların qarşılaşdıqları problemlər, hüquqi risklər, xəstə hüquqlarının qorunması və bölgələrdə davamlı məşğulluğun təşviqi üçün motivasiya mexanizmləri diqqət mərkəzində olub.
Tədbirin interaktiv hissəsində “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış” təşkil edilib. İştirakçılar tibbi biliklərlə yanaşı, analitik düşünmə, klinik qərarvermə, etik yanaşma və komanda işi bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, konfrans gənc tibb işçilərinin peşəkar inkişafının, sosial rifahının və regionlarda fəaliyyətinin davamlılığının dəstəklənməsinə yönəlmiş regional layihələrin növbəti mərhələsi olub.




