• Bakı C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Qərbin həmrəyliyi: Pevelin Kiyev səfərinin geosiyasi anlamı

SİYASƏT

16 Yanvar 2026 | 17:24

Qərbin həmrəyliyi: Pevelin Kiyev səfərinin geosiyasi anlamı

Çexiya Prezidenti Petr Pavelin Kiyevə gözlənilməz və eyni zamanda simvolik səfəri beynəlxalq gündəmdə yeni müzakirələrə yol açıb. Ukraynanın müharibə şəraitində olduğu bir dövrdə Avropa liderlərinin ardıcıl şəkildə Kiyevə gəlişi Qərbin siyasi həmrəyliyinin davam etdiyini göstərir.

Pavel və Zelenski arasında aparılacaq danışıqlar strateji tərəfdaşlığın yeni konturlarını müəyyən etməyə xidmət edəcək. Bu səfər həm sülh prosesinin gələcəyinə, həm də Avropanın təhlükəsizlik balansına birbaşa təsir edə biləcək siyasi mesajlar daşıyır. Bir çox müşahidəçilər bu addımı Ukraynanın diplomatik mövqeyinin gücləndirilməsi və Avropanın şərq cinahında koordinasiyanın möhkəmlənməsi kimi dəyərləndirir.

Məsələnin müxtəlif aspektlərini Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, bu səfər öncəliklə siyasi həmrəyliyin nümayişi kimi qiymətləndirilir və sülh danışıqlarına psixoloji motivasiya yaradır. Pavel Avropa təhlükəsizliyi ilə bağlı sərt mövqeyi və Ukraynaya ardıcıl dəstəyi ilə tanınır, bu isə dialoqa əlavə diplomatik dəyər qatır:

“Lakin real sülh perspektivini yalnız bir görüşün formalaşdırması çətindir, çünki əsas faktor döyüş meydanındakı vəziyyət olaraq qalır. Ukraynanın mövqeyi güclənsə, danışıqlarda güzəştsiz mövqe saxlamaq daha mümkün olacaq. Rusiya tərəfindən isə bu səfər Qərbin təzyiqinin artması kimi qəbul edilə bilər. Buna baxmayaraq, Pavelin iştirakı Zelenski üçün siyasi dəstəyin möhkəmləndiyini göstərir”.

Bu görüşün Avropanın təhlükəsizlik balansına göstərəcəyi təsirə gəlincə, müsahibimiz bildirib ki, Pavelin Kiyevə gəlişi Avropanın şərq cinahında təhlükəsizlik koordinasiyasını daha sıx hala gətirir. Onun sözlərinə görə, Çexiya xüsusilə müdafiə sahəsində Ukraynanın ən aktiv tərəfdaşlarından biridir və bu, NATO çərçivəsində dəstək mexanizmlərini gücləndirir. Müsahibimiz hesab edir ki, Avropa İttifaqında bu səfər siyasi birlik mesajı kimi dəyərləndiriləcək və qərarvermə prosesinə təsir edə bilər:

Züriyə Qarayeva: Səfər Moskvanın strateji hesablamalarında yeni elementlər yaradır

“Bununla yanaşı, Moskva bu səfəri yeni eskalasiya kimi şərh edə və öz təhlükəsizlik hesablamalarını yenidən qurmağa cəhd göstərə bilər. Bu isə Avropanın strateji balansında gərginliyin artması riskini saxlayır. Ümumilikdə, görüş Avropanın təhlükəsizlik xəttinin daha koordinasiyalı şəkildə formalaşmasına xidmət edir”.

Z.Qarayeva qeyd edib ki, müdafiə sənayesi sahəsində yeni müqavilələr və hərbi təchizat üzrə əməkdaşlığın genişlənməsi mümkündür. Çexiya artıq Ukraynanın zirehli texnika və artilleriya təminatında mühüm rol oynayır və bu xəttin davam edəcəyi gözlənilir. Enerji təhlükəsizliyi, xüsusilə də qış mövsümündə kritik infrastrukturun qorunması üzrə birlikdə addımlar atıla bilər.

“Diplomatik müstəvidə, Kiyev və Praqa Avropa İttifaqında Ukrayna ilə bağlı qərarların sürətləndirilməsi üçün birgə təşəbbüslər irəli sürə bilər. Bu, Ukraynanın Aİ-yə inteqrasiya yolunu daha sabit edə bilər. Siyasi koordinasiya isə regionda Qərb blokunun vahid mövqeyini gücləndirəcək”, - deyə həmsöhbətimiz bildirib.

Politoloq bildirib ki, Moskva bu səfəri Avropanın Ukraynaya dəstəyinin zəifləmədiyini göstərən açıq siqnal kimi qəbul edəcək. Bu, Kreml üçün həm diplomatik, həm də hərbi planlamada müəyyən korrektələr tələb edə bilər. Dediyinə görə, Rusiya Kiyevə edilən yüksək səviyyəli səfərləri Qərbin müharibədə uzunmüddətli iştirak iradəsi kimi qiymətləndirir. Bu isə Moskvanın daha sərt ritorika seçməsinə və regionda öz mövqeyini gücləndirmək üçün əlavə addımlar atmasına səbəb ola bilər.

“Həmçinin Kremlin informasiya savaşında bu səfər “Qərb müdaxiləsinin artması” kimi təqdim edilə bilər. Beləliklə, səfər Moskvanın strateji hesablamalarında yeni elementlər yaradır və situasiyanın daha mürəkkəb fazaya keçməsinə zəmin hazırlayır”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR