• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Qlobal istiləşmə 2030-da kritik həddi keçəcək-Xəbərdarlıq!

DÜNYA

11 Iyun 2026 | 08:38

Qlobal istiləşmə 2030-da kritik həddi keçəcək-Xəbərdarlıq!

İnsan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə 2030-cu illərin əvvəlində 1,5°C həddini keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “LeFigaro”qəzeti həyəcan təbili çalaraq, “Qlobal istiləşmənin 2030-cu ildə 1,5°C-yə çatacağı gözlənilir” başlıqlı məqalə dərc edib. Mətndə qeyd olunub ki, bu nəticə beynəlxalq alimlər qrupunun hazırladığı yeni hesabatda açıqlanıb. Araşdırmaya görə, 2025-ci ildə insan mənşəli qlobal istiləşmə artıq sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,37°C-ə çatıb. Mütəxəssislər bildirirlər ki, hazırkı emissiya tempi davam edərsə, Paris İqlim Sazişində nəzərdə tutulan ən iddialı məqsəd cəmi dörd il ərzində əlçatmaz olacaq.

2015-ci ildə qəbul edilən Paris Sazişi qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmağı hədəfləyirdi.

Alimlər hesab edirlər ki, Yer kürəsi istiliyi indiyədək müşahidə olunmayan sürətlə toplamağa başlayıb və istixana qazlarının emissiyası hələ də artmaqda davam edir. Xüsusilə karbon qazı, metan və digər istixana qazları atmosferdə istiliyin saxlanmasına səbəb olur. Tədqiqatın ən narahatedici nəticələrindən biri qalan karbon büdcəsinin sürətlə azalmasıdır. Məlumata görə, 2026-cı ilin əvvəlində 1,5°C həddini keçməmək üçün bəşəriyyətin cəmi 130 milyard ton karbon qazı emissiyası ehtiyatı qalıb. Mövcud emissiya səviyyəsi saxlanılarsa, bu büdcə təxminən üç ilə tükənəcək.

Alimlər okeanların sürətlə isinməsini də xüsusi təhlükə kimi qiymətləndirirlər. Dəniz sularının temperaturunun yüksəlməsi ekosistemlərə ciddi zərər vurur və güclü fırtınaların yaranma riskini artırır. Bununla yanaşı, qütb buzlaqlarının əriməsi dəniz səviyyəsinin yüksəlməsini sürətləndirir.

Ekspertlər xəbərdarlıq edirlər ki, 1,5°C həddinin aşılması daha intensiv istilik dalğaları və quraqlıqlarla nəticələnə bilər. Daşqınlar, meşə yanğınları və kənd təsərrüfatında məhsuldarlığın azalması da mümkün nəticələr sırasındadır. BMT-nin qiymətləndirməsinə görə, qlobal emissiyalar 2030-cu ilədək kəskin şəkildə azaldılmalıdır. Çünki 1,5°C hədəfinə yaxın qalmaq üçün emissiyalar təxminən 42 faiz aşağı salınmalıdır.

İqlimşünaslar bildirirlər ki, 1,5°C həddinin keçilməsi mübarizənin bitməsi anlamına gəlmir. Onların fikrincə, temperatur artımını 2°C-dən aşağı səviyyədə saxlamaq hələ də mümkündür və bunun üçün təcili tədbirlər vacibdir. Alimlər hökumətləri və şirkətləri fosil yanacaqlardan asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyə çağırırlar.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026