• Bakı 24° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.9828

    RUB - 2.1134

Qonşuluq adıyla qərəz siyasəti: Moskvanın Bakıya münasibəti

SİYASƏT

19 Avqust 2025 | 16:34

Qonşuluq adıyla qərəz siyasəti: Moskvanın Bakıya münasibəti

Azərbaycan-Rusiya münasibətləri tarix boyu mürəkkəb və ziddiyyətli olub.

Bir tərəfdən, bizi bağlayan ortaq tarix, iqtisadi maraqlar və regiondakı əməkdaşlıq zərurəti var. Digər tərəfdən isə Moskvanın Azərbaycana qarşı yürütdüyü qərəzli siyasət, dostluq və mehriban qonşuluq prinsiplərinin yalnız şüar səviyyəsində qalmasına səbəb olur.

Kağız üzərində strateji tərəfdaşlıqdan danışılır, amma reallıqda bunun əksini göstərən kifayət qədər fakt mövcuddur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Turan Rzayev bildirib ki, Rusiya və Azərbaycan diasporları arasında ciddi problem mövcud deyil. Əsas məsələ Rusiyanın Azərbaycana qarşı qərəzli münasibətindən qaynaqlanır. AZAL təyyarəsinin vurulması, bu hadisənin gizlədilməsi və məsuliyyətin Ukraynanın üzərinə atılmaq cəhdləri bunun bariz nümunələrindəndir. Sonuncu olaraq SOCAR-ın obyektlərinə hücum bu münasibətlərin nə qədər gərginləşdirildiyini göstərir.

Onun sözlərinə görə, Rusiya 2022-ci ildə imzalanan Bəyannaməyə zidd addımlar atmaqla mehriban qonşuluq prinsiplərini heçə sayır:

"Diaspor daxilində müəyyən problemlər yaşansa da, bunlar dövlətlərarası münasibətlərə təsir etmir. Lakin bu gün Rusiyada azərbaycanlılara qarşı dini və milli zəmində təzyiqlər, açıq etnik diskriminasiya müşahidə olunur. Bu isə nasist üsullarını xatırladan siyasətə bənzəyir və ikitərəfli münasibətləri birbaşa zədələyir".

Turan Rzayev: Rusiyada azərbaycanlılara qarşı açıq etnik diskriminasiya müşahidə olunur

Müsahibimiz onu da qeyd edib ki, günah Rusiyanın üzərindədir, çünki onlar əlaqələri məqsədyönlü şəkildə pisləşdirirlər. Halbuki tarix göstərir ki, bu cür siyasət imperiyaların süqutunu sürətləndirib. Necə ki, Sovetlərin sonunu gətirən səbəblərdən biri də məhz bu yanaşma idi, bu gün Rusiya da eyni səhvi təkrarlayır.

Nəticə etibarilə, Rusiyanın Azərbaycana qarşı apardığı siyasət nə dostluq, nə də qonşuluq anlayışına sığır. Bu, sadəcə geosiyasi maraqlar uğrunda atılan məqsədyönlü addımlardır. Amma Moskva unutmamalıdır ki, tarix dəfələrlə sübut edib: ədalətsiz münasibətlər, etnik və dini zəmində təzyiqlər, qərəzli yanaşmalar heç bir imperiyanı uzunömürlü etməyib. Sovetlərin süqutu bunun ən böyük nümunəsidir.

Azərbaycan xalqı isə artıq öz gücünə, müstəqil siyasətinə və milli maraqlarına söykənir. Bu münasibətləri saxta şüarlar yox, ədalətli yanaşma və qarşılıqlı hörmət qoruya bilər. Əks halda Rusiya yalnız özünü təcrid edəcək və regiondakı təsirini günbəgün itirəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR