• Bakı 23° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

QR kodlarla dələduzluq artır: NƏYƏ DİQQƏT ETMƏLİYİK? 

CƏMİYYƏT

02 Sentyabr 2026 | 16:33

QR kodlarla dələduzluq artır: NƏYƏ DİQQƏT ETMƏLİYİK?

Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə nüfuz etdiyi dövrdə QR kodlar getdikcə daha çox istifadə olunmağa başlayıb.

Bir neçə saniyəyə istənilən məlumatı təqdim etmək imkanı verən bu kodlar restoran menyularından tutmuş, qida məhsullarına, ictimai nəqliyyat xidmətlərindən tutmuş faktura ödənişlərinə qədər saysız-hesabsız sahədə tətbiq olunur.

QR kodlar ənənəvi barkodlarla müqayisədə daha çox məlumat saxlama qabiliyyətinə malikdir. Zədələnsələr belə, oxuna bilməsi və istənilən bucaqdan skan edilə bilməsi onları logistika və maliyyə kimi sahələrdə geniş istifadə edilən texnologiyaya çevirib.

Lakin gündəlik həyatımızın bir çox sahəsində rast gəlinən QR kodlar müxtəlif kiber riskləri də özü ilə gətirə bilər. Əsas risk QR kodun yönləndirdiyi mənbədən yaranır. Əgər kod saxta internet səhifəsinə aparırsa, istifadəçi fərqinə varmadan şəxsi məlumatlarını, bank kartı məlumatlarını daxil edə və ya zərərli proqram yükləyə bilər.

Kiber cinayətkarlar müəyyən kampaniya dövrlərində, tətil endirimləri və xüsusi aksiyalar zamanı saxta QR kodlardan istifadə edərək insanları saxta saytlara yönləndirir və orada ödəniş etmələrini təmin edirlər. Bu cür ödənişlər nəticəsində istifadəçilər həm maddi, həm də məlumat baxımından zərərə uğrayırlar.

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov Bakıvaxtı.az-a deyib ki, sadəcə yönləndirmə texnologiyası olan QR kod özlüyündə təhlükə yaratmır, təhlükə yaradan digər faktorlar ola bilər:

“Biz kamera ilə QR kod oxudan zaman aşağıda link çıxır və biz həmin linkin üzərinə basdıqda ora daxil oluruq. Söhbət əgər burada xüsusən hansısa menyulardan gedirsə, bu, mümkündür. Ancaq QR kodla kiberdələduzluq halları o qədər də çox müşahidə olunmayıb. Ola bilsin, hansısa xarici ölkədə kiçik müstəvidə nəsə baş verib. Azərbaycanda QR kodların kiberdələduzluqda istifadəsi faktlarına rast gəlinmir”.

Mütəxəssislər QR kodlardan istifadə zamanı əsas diqqətin kodun özünə deyil, onun yönləndirdiyi ünvana verilməsini tövsiyə edirlər. İstifadəçi tanımadığı və şübhəli linklərə daxil olmamalı, xüsusilə bank və ödəniş əməliyyatları zamanı ünvanı diqqətlə yoxlamalıdır. Beləliklə, sadə təhlükəsizlik qaydalarına əməl etməklə QR kodlardan yararlanarkən mümkün kiber riskləri minimuma endirmək mümkündür.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR