• Bakı C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.187

Qrenlandiya və tariflər: ABŞ-Aİ münasibətləri silkələnir

SİYASƏT

22 Yanvar 2026 | 10:20

Qrenlandiya və tariflər: ABŞ-Aİ münasibətləri silkələnir

Transatlantik münasibətlərdə gərginlik yenidən artmaqdadır. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddiaları və Avropa ölkələrini tariflərlə təhdid etməsi Vaşinqton-Brüssel xəttində narahatlıq yaradıb. Bu addımlar ABŞ-Aİ münasibətlərində strateji etimadın zəifləməsi fonunda NATO daxilində birliyin gələcəyi ilə bağlı sualları da aktuallaşdırır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, ABŞ Avropa İttifaqı ölkələrinin faktiki olaraq onun maraqları çərçivəsində hərəkət etməkdən yayınmağa çalışdığını görür. Bu səbəbdən də əlində olan ən ciddi təsir vasitəsindən -tariflərin artırılmasından istifadə edir. Prinsip etibarilə tariflərin artırılması ilə ABŞ-nin Rusiya və İranın tətbiq etdiyi iqtisadi təzyiq mexanizmləri arasında qeyri-adi heç nə yoxdur. Bu da iqtisadi əsaslarla aparılan təhdid siyasətidir:

"Mən hər zaman qeyd edirəm ki, ABŞ-nin nə daimi müttəfiqi, nə də daimi düşməni var. Vaşinqton müttəfiqlərinin nə həddindən artıq güclü, nə də çox zəif olmasını istəmir. Eyni yanaşma rəqiblərə də aiddir. ABŞ hər iki tərəf arasında müəyyən balans yaratmağa çalışır".

Turan Rzayev:  Avropa bu qədər yüksək tarif yükünün qarşısını ala biləcək durumda deyil

Politoloq qeyd edir ki, burada əsas məsələ ABŞ-nin ali maraqlarıdır. Vaşinqton Fransa, Almaniya, İtaliya kimi ölkələrin bu maraqlar çərçivəsində hərəkət etməsində israrlıdır. Xüsusilə Qrenlandiya məsələsində Avropanın vahid mövqe nümayiş etdirməməsi Donald Trampı narahat edir. Trampın bu siyasətə əl atmasının əsas səbəbi də məhz budur.

Müsahibimizin sözlərinə görə, əslində bu yanaşma uzun illərdir ABŞ-nin istifadə etdiyi siyasətdir və “Böyük Dəyənək Siyasəti” kimi tanınır. Hazırda eyni model Avropaya qarşı tətbiq olunur. Avropa isə bu qədər yüksək tarif yükünün qarşısını ala biləcək durumda deyil. Bu səbəbdən böyük ehtimalla, istəməsələr belə, ABŞ-nin təkliflərini qəbul etməli olacaqlar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

21 Yanvar 2026