Son zamanlar sahibsiz heyvanların sayı artır. İnsanlara hücum edən bu heyvanların quduz olmadığına kimsə zəmanət vermir. Təbii ki, bu halda sahibsiz itlərin insanlara xəsarət yetirməsi də qaçılmaz olur.
Bəs, quduz heyvan insana xəsarət yetirərsə, bu zaman nə etməliyik?
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan infeksionist Mərdan Əliyev bildirib ki, quduz heyvan insanı dişləyərsə, ilkin proses müəyyən profilaktik tədbirlərin görülməsidir. Onun sözlərinə görə, quduz bir heyvan insanı dişləyən zaman, əgər, qanaxma varsa, mütləq dayandırılmalıdır: “Yara yeri sabunla yuyulmalıdır ki, heyvanın ağız suyunda olan quduzluq virusları yayılmasın, qana keçməsin. Daha sonra yaraya asitrik sarğı qoymaq lazımdır. Bunlar hamısı infeksiyanın qarşısını almaq üçündür. Bu prosesləri həyata keçirdikdən sonra, xəsarət alan şəxsi dərhal həkimə çatdırmaq lazımdır".
Müsahibimiz əlavə edib ki, burada əsas kritik məsələ, hadisə olan anda, zərərçəkəni həkimə çatdırmaqdır. Xəsarət alan şəxs həmin gün mütləq peyvənd olunmalıdır: “Əgər, heyvan həqiqətən quduzdursa, insan həyatı həmin peyvənddən asılıdır. Və bir neçə gün sonra yenidən peyvəndlər vurulmalıdır. Bu proses bir neçə dəfə davam edir. Bu peyvəndlər axıra qədər vurulmalıdır”.
M.Əliyev quduz heyvandan xəsarət alan zərərçəkənlərə tövsiyələr verib. Bildirib ki, həmin yaranı sıxmaq, toxunmaq və s. olmaz. Bu, onun infeksiyalaşmasına gətirib çıxara bilər. Profilaktik tədbirlər həyata keçirəndən sonra həkimə müraciət etmələri mütləqdir.
“Quduzluq elə bir xəstəlikdir ki, profilaktikası vacibdir" deyə Mərdan Əliyev əlavə edib.
Onun sözlərinə görə, insanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır: “Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur”.
Xəstəlik inkişaf etməyə başlayanda öncə yarada qızarma, narahatlıq yaranır. Bədən hərarətinin bir qədər yüksəlməsi, depressiv halın müşahidə olunmasıyla yanaşı yuxu pozulur, xəstə qorxulu yuxular görür.
Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır, işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur.
Xəstələr öz paltarlarını cırır, ətrafdakılara hücum etməyə çalışır, dişləməyə can atır, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.
Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.
Dövlət tərəfindən quduz heyvanların varlığına yönəlik tədbirlər həyata keçirilməlidir. Daim itlər və digər küçə heyvanları yoxlanmalı, peyvənd olunmalı və nəzarətə alınmalıdır. Bu məsələ, daim müəyyən dövlət qurumlarının nəzərində olmalıdır. Çünki bu, elə bir xəstəlikdir ki, uşaqların, böyüklərin həyatı üçün, böyük təhlükədir.
Xəyalə Rza














jpg-1687967749.webp)

