• Bakı 10° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Quru yolları açılacaq?: İran-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq mərhələsi

SİYASƏT

29 Aprel 2025 | 13:43

Quru yolları açılacaq?: İran-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq mərhələsi

İran-Azərbaycan münasibətləri uzun illərdir həm yüksələn, həm də enişli dövrlərlə yadda qalıb. Tarixi, mədəni və coğrafi yaxınlıq bu iki ölkəni bir-birinə bağlasa da, müəyyən geosiyasi maraqlar və regional çağırışlar münasibətlərdə zaman-zaman gərginliklərə səbəb olub.

Xüsusilə son illərdə baş verən hadisələr - Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən hücum və bunun fonunda yaranan diplomatik böhran münasibətlərin sınağa çəkildiyi məqamlardan biri idi. Lakin Məsud Pezeşkianın İran prezidenti seçilməsindən sonra tərəflər arasında yeni ünsiyyət xətti qurulmağa başlayıb. Dünən baş tutan yüksək səviyyəli görüş bu baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. Görüş nəticəsində verilən bəyanatlar və atılan diplomatik addımlar Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərini yenidən gündəmə gətirir.

Bəs bu yeni mərhələ iki ölkə arasında uzunmüddətli sabitliyin və əməkdaşlığın təməlini qoya biləcəkmi, yoxsa münasibətlər yenidən dalğavari xarakter alacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səyyad Salahlı bildirib ki, dünən baş tutan İran-Azərbaycan görüşü iki ölkə arasında gərginlikdən əməkdaşlığa keçidin yeni mərhələsini simvolizə edir. Xüsusilə, Məsud Pezeşkianın hakimiyyətə gəlişindən sonra müşahidə olunan diplomatik fəallıq və müsbət ritorika bu dəyişimin əsas göstəricilərindəndir:

"İllərdir dalğavari xarakter daşıyan Tehran-Bakı münasibətləri, 2023-cü ildə Azərbaycan səfirliyinə edilən gözlənilməz hücumla pik nöqtəsinə çatmışdı. Lakin bu hadisədən sonra diplomatik kanalların bağlanmaması və qarşılıqlı səfərlərin davam etməsi, tərəflərin münasibətləri tamamilə pozmamaq qərarında olduqlarını göstərdi. Pezeşkianın "kommunikasiya xətti olan yerdə savaş olmaz" fikri, əslində, iki ölkə arasında nəqliyyat və iqtisadi inteqrasiyanın sülh üçün zəmanət olduğunu vurğulayan ciddi bir mesajdır. Bu yanaşma, regionda davamlı sabitlik üçün praktiki əməkdaşlıq zərurətini ön plana çıxarır".

Onun sözlərinə görə, görüşdə gündəliyin əsas mövzularından biri post-münaqişə dövründə Azərbaycanın bərpası üçün İranın maliyyə dəstəyi və sərmayə yatırımı məsələsi oldu. İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya etmək niyyəti, Cənubi Qafqazda İranın daha fəal və konstruktiv aktor kimi çıxış etmək istədiyini göstərir. Eyni zamanda quru yollarının açılması, kommunikasiya xətlərinin genişləndirilməsi və qarşılıqlı logistik imkanların inkişaf etdirilməsi perspektivdə siyasi münasibətləri də möhkəmləndirəcək.

Səyyad Aran: İfadələrin reallığı çevrilməsi üçün konkret layihələr gəlməlidir

Müsahibimizə görə, görüşdə səslənən dostluq və qardaşlıq mesajları diplomatik ritorikadan kənara çıxaraq konkret layihə və əməkdaşlıq formatları ilə müşayiət olunmalıdır.Bu cür ifadələrin reallığa çevrilməsi üçün onların ardınca konkret iqtisadi, nəqliyyat və energetika layihələri gəlməlidir:

"Əməkdaşlıq formatları yalnız bəyanatlar şəklində deyil, yerinə yetirilən işlərdə özünü göstərməlidir. Real əməkdaşlıq - birgə infrastruktur layihələri, sərmayə yatırımları, kommunikasiya xətlərinin açılması, qarşılıqlı ticarət əlaqələrinin gücləndirilməsi kimi konkret addımlar vasitəsilə qurulduqda bu münasibətlər daha davamlı və uzunmüddətli olur. Çünki dövlətlər arasında sabit əlaqələri qoruyub saxlamağın ən effektiv yolu, onları ortaq maraqlara və qarşılıqlı faydaya söykənən mexanizmlərlə dəstəkləməkdir. Bu baxımdan, tərəflərin yalnız siyasi jestlərlə deyil, praktik əməkdaşlıqla irəliləməsi daha dayanıqlı və məhsuldar bir qonşuluq modelinin formalaşmasına zəmin yarada bilər".

S.Salahlı onu da qeyd edib ki, dünənki görüş İran-Azərbaycan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Əgər razılaşdırılan təşəbbüslər icraya yönəldilərsə, bu yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun təhlükəsizliyi və iqtisadi inkişafı üçün də mühüm dividendlər vəd edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR