Ramazan ayında düzgün qidalanma gün boyu enerjili qalmaq və sağlamlığı qorumaq baxımından olduqca vacibdir. Uzun müddət ac və susuz qalan orqanizmin balanslı qidalanmaya ehtiyacı var.
Bakıvaxtı.az xəbər verir ki, qidalanma mütəxəssisləri imsakda zülal və liflə zəngin qidalar qəbul etməyi tövsiyə edirlər.
Mütəxəsislər bildirir ki, xüsusilə yumurta, pendir, qatıq, südlü sıyıqlar, tam taxıllı çörək və tərəvəzlər uzun müddət toxluq hissi verir. Eyni zamanda, suyun kifayət qədər içilməsi orqanizmin susuz qalmamasını təmin edir. Şəkərli və duzlu qidaların, həmçinin ağ çörək və fast-food məhsullarının istehlakından çəkinmək tövsiyə olunur, çünki bu tip qidalar ya tez aclıq hissi yaradır, ya da susuzluğu artırır.
İftar zamanı isə qidalanma rejiminə diqqət etmək lazımdır. İftarı yüngül qidalarla açmaq, xüsusilə xurma və su ilə başlamaq ən doğru yanaşmadır. İsti şorba mədəni rahatladır və həzmi asanlaşdırır. Protein və lif mənbələri olan toyuq, balıq, paxlalılar və tərəvəzlər isə orqanizmin ehtiyaclarını qarşılayır. Qəhvəyi düyü, bulqur və tam buğda məhsulları kimi kompleks karbohidratlar enerjini tədricən bərpa edir. İftardan sonra təbii içkilər, məsələn, ayran, təzə sıxılmış meyvə şirələri və bitki çayları maye balansını qoruyur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, yağlı və qızardılmış yeməklər, qazlı və şəkərli içkilər, həddindən artıq çay və qəhvə istehlakı mədə-bağırsaq problemlərinə və susuzluğa səbəb ola bilər. Ona görə də Ramazan ayı boyunca balanslı və sağlam qidalanma qaydalarına əməl etmək, həmçinin iftar və sahur arasında kifayət qədər su içmək tövsiyə olunur.
Nuriyyə Musayeva