• Bakı C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 2.013

    RUB - 2.2112

Ramazanın hikməti: Oruc niyə vacib buyurulub?

CƏMİYYƏT

18 Fevral 2026 | 12:51

Ramazanın hikməti: Oruc niyə vacib buyurulub?

“İslamın vacib ibadətlərindən biri də Orucdur”.

Bunu deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda Ramazan ayının başlaması münasibətilə  Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, oruc ibadətinin yerinə yetirilməsində başlıca məqsəd insanları mənən saflaşdırmaq, onlara mərhəmətli, səbirli və dözümlü olmağı öyrətməkdir:

“Orucun əsas məqsədlərindən biri də insanları günah əməllərdən çəkindirməkdir. Qurani-Kərimdə buyurulur: Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!” Oruc bütün dinlərdə, o cümlədən Brahmanizm, Yəhudilik və Xristianlıqda da mövcuddur. Oruc vacib buyurulmamışdan öncə müsəlmanlara oruc tutmaqda sərbəstlik verilmişdi. Onlar hər ay 3 gün oruclu olurdular. İmkanı olan tutur, olmayan isə ehtiyaclı insanlara yardım edirdi. Məhəmməd Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra hər Aşura günü oruc tuturdu. Sonra hicrətin ikinci ili orucla bağlı Quran ayələri nazil oldu və oruc tutmağa gücü çatan bütün müsəlmanlara bu ibadət vacib edildi. Allah-Təala oruc tutmağı bu ayda vacib edərək Ramazan ayını müqəddəs aylardan biri etdi. Ramazanın mərhəmət, səbr, Allaha yaxınlaşma və günahlardan təmizlənmə, mərhəmət və ibadət ayı olduğu bildirildi. Allah-Təala möminlərə bu ayda daha çox ibadət etməyi, onlara verilən fürsətdən bəhrələnməyi tövsiyə etdi”.

Müsahibimiz qeyd edib ki, mübarək Ramazan ayını digər aylardan iki əsas cəhət fərqləndirir:

“Birincisi Qurani-Kərim bu ayda nazil olub. Digəri isə oruc müsəlmanlara bu ayda vacib buyurulub. İslam alimləri orucun müsəlmanlara vacib edilməsini əsasən üç amillə bağlayırlar. Birincisi oruc Allaha ibadət, onun əmrlərini yerinə yetirmək, günahlardan çəkinmək məqsədi daşımalıdır. Orucun müsəlmanlara vacib edilməsində digər hikmət nəfsin tərbiyəsi, səbr və dözümlülüyün gücləndirilməsidir. Müsəlman səbrli, dözümlü və əzmkar olmalıdır. Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir. Oruc insana sevgi, mərhəmət və qayğı hissləri aşılayır. Oruc insanın özünü yemək yeməkdən məhrum etməsi məqsədilə deyil, imkansızlara kömək göstərmək, onların yaşadıqları hissləri duymaq məqsədilə vacib buyurulub. İmkanlı şəxs müvəqqəti də olsa imkansız insanların yaşadığı anları yaşayır, aclığın dadını dadır və bu insanlarda şəfqət və mərhəmət hisslərinin oyanmasına kömək edir”.

Ceyhun Məmmədov: Oruc müsəlmanlara dözümlü, əzmkar və nəfsinə hakim olmağı öyrədir

C.Məmmədovun sözlərinə görə, Orucun insan sağlamlığına da bir sıra müsbət təsirləri var:

“Mütəxəssislər ilboyu dincəlmədən çalışan mədəyə istirahətin verilməsinin orqanizm üçün faydalı olduğunu, orucun qəlb, damar, şəkər xəstəliklərinə müsbət təsir göstərdiyini bildirirlər. Məhəmməd Peyğəmbər (s) orucun insan sağlamlığına müsbət təsirlərini müsəlmanlara çatdırmaq məqsədilə buyurub: “Oruc tutun ki, sağlam olasınız”. Gücü və imkanı olan hər bir müsəlman Ramazan orucunu tutmalı, saflaşmalı, mənən zənginləşməli və bu ibadətin ona verdiyi fəzilətlərdən səmərəli bəhrələnməyə səy göstərməlidir”.

Qeyd edək ki, fevralın 19-dan, yəni sabahdan Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, fevralın 18-i gecə niyyət edilir, fevralın 19-u isə ilk oruc günüdür.

İlk oruc günündə imsak vaxtı - 06:04, iftar vaxtı isə 18:34-dür.

Aydın Baxış


SON XƏBƏRLƏR

17 Fevral 2026