• Bakı 13° C

    11.11 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Regionda yeni dinamika: İran və Türkiyə yaxınlaşması nə vəd edir?

SİYASƏT

02 Dekabr 2025 | 13:31

Regionda yeni dinamika: İran və Türkiyə yaxınlaşması nə vəd edir?

Son vaxtlar regionda baş verən proseslər fonunda Tehran-Ankara xəttində artan təmaslar diqqəti xüsusilə cəlb edir.

Hər iki ölkənin Yaxın Şərqdəki dəyişən güc balansına verdiyi reaksiyalar və maraqların müəyyən məqamlarda üst-üstə düşməsi bu mövzunu daha da aktuallaşdırır. Məsələ ondadır ki, bu dinamikanın arxasında hansı motivasiyanın dayandığı hələ də müzakirə mövzusudur.

İran və Türkiyə arasındakı yaxınlaşma real diplomatik dönüşdür, yoxsa sadəcə taktiki gediş?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Türkiyə Yaxın Şərqin ən güclü dövlətlərindən biri hesab olunur və rəsmi Ankara hazırda regionda baş verən proseslərdə, xüsusilə də Yaxın Şərqin yenidən formalaşdırılması mərhələsində aktiv rol oynayır. Onun fikrincə, Qəzzadakı hadisələrə Türkiyənin sərt reaksiyası da bu siyasətin tərkib hissəsidir. Bu mənada Ankaranın mövqeyi müəyyən məqamlarda İranın maraqları ilə üst-üstə düşür. Məhz buna görə də hazırkı mərhələdə Tehran üçün Ankara ilə münasibətlərin yenidən qurulması və daha sıx əməkdaşlıq vacib sayılır:

"Həm Türkiyə, həm də İran Qəzzada baş verənlərə oxşar mövqedən yanaşsalar da, motivasiyalar fərqlidir. Türkiyənin mövqeyi daha çox beynəlxalq hüquq normalarının tələblərinə əsaslanır. Ankara hesab edir ki, Qəzzada baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Fələstin dövləti rəsmi şəkildə yaradılıb tanınmalıdır".

Elçin Xalidbəyli: Türkiyə və İran arasında fundamental fikir ayrılıqları qalmaqdadır

Politoloq hesab edir ki, İranda İsrailə qarşı sərt mövqe bildirilsə də, Tehran əsasən öz regional maraqlarını prioritet götürür. İran üçün İsraillə qarşıdurma daha çox regionda üstün mövqeyini qorumaq və genişləndirmək strategiyasının bir hissəsidir. Bu isə Türkiyə və İranın yanaşmaları arasında ciddi fərqlər yaradan əsas məqamlardan biridir:

"Nəticə olaraq, hazırkı mərhələdə Türkiyə-İran münasibətlərində müəyyən məsələlərdə maraqların üst-üstə düşməsi müşahidə olunsa da, fundamental fikir ayrılıqları qalmaqdadır. Ona görə də tərəflər arasındakı yaxınlaşma daha çox siyasi-diplomatik xarakter daşıyır və bu proses müttəfiqlikdən çox, mövcud geosiyasi vəziyyətin diktə etdiyi maraqlara əsaslanır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Dekabr 2025