• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Regionlar arasında təhsil fərqləri - Həll yolu nədədir?

CƏMİYYƏT

19 Mart 2026 | 12:05

Regionlar arasında təhsil fərqləri - Həll yolu nədədir?

Təhsil hər bir cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biri olsa da, müxtəlif bölgələr və sosial təbəqələr arasında imkanların bərabər paylanmaması bu sahədə ciddi problemlər yaradır. Mövcud bərabərsizliklər isə yalnız fərdi inkişafı deyil, ümumi sosial-iqtisadi tərəqqini də ləngidir.

Bu baxımdan, təhsil sistemində bərabərsizliyin azaldılması üçün hansı addımların atılması daha effektiv hesab oluna bilər?

Bu barədə Bakıvaxtı.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar və yaradılan imkanlar göstərir ki, təhsildə bərabərliyin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bununla belə, regionlar və sosial qruplar arasında mövcud olan fərqlərin daha da azaldılması üçün bu istiqamətdə işlərin davamlı və sistemli şəkildə aparılması xüsusi əhəmiyyət daşıyır:

"Düşünürəm ki, təhsildə bərabərsizliyin azaldılması ilk növbədə keyfiyyətli təhsilə çıxış imkanlarının hər bir uşaq üçün eyni səviyyədə təmin olunması ilə bağlıdır. Bu baxımdan regionlarda məktəb infrastrukturunun daha da gücləndirilməsi, müasir texnologiyalarla təchizatın genişləndirilməsi və rəqəmsal resurslara çıxışın artırılması mühüm rol oynayır. Xüsusilə son illərdə rəqəmsallaşma istiqamətində atılan addımlar bu fərqlərin azalmasına ciddi töhfə verir".

Müsahibimizin sözlərinə görə, digər vacib məqamlardan biri müəllim amilidir. Təhsilin keyfiyyəti birbaşa müəllimin peşəkarlığı ilə bağlıdır:

"Müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına cəlb olunması, regionlarda çalışan müəllimlərin dəstəklənməsi və onların motivasiyasının artırılması bu sahədə mühüm nəticələr verə bilər. Eyni zamanda, gənc və innovativ müəllimlərin regionlara yönləndirilməsi də təhsildə keyfiyyət fərqlərinin azalmasına xidmət edir".

Günay Əkbərova: Təhsilin keyfiyyəti birbaşa müəllimin peşəkarlığı ilə bağlıdır

Həmsöhbətimiz qeyd edib ki, sosial baxımdan həssas qruplardan olan şagirdlərə xüsusi yanaşma da vacib istiqamətlərdəndir.  Dediyinə görə, təqaüd proqramları, əlavə akademik dəstək, psixoloji xidmətlər və inklüziv təhsil mühitinin gücləndirilməsi bu uşaqların təhsildə daha fəal iştirakını təmin edə bilər. Mənim şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, inklüziv yanaşma yalnız fərqli imkanlara malik uşaqlar üçün deyil, ümumilikdə bütün sinif mühiti üçün daha sağlam və dəstəkləyici atmosfer yaradır".

G.Əkbərova qeyd edir ki, bununla yanaşı, məktəb-valideyn-cəmiyyət əməkdaşlığının gücləndirilməsi də xüsusi önəm daşıyır. Təhsil yalnız məktəbin məsuliyyəti deyil, bu, bütövlükdə cəmiyyətin ortaq işidir. Valideynlərin maarifləndirilməsi, ictimai təşəbbüslərin dəstəklənməsi və müəllimlərin sosial nüfuzunun artırılması bu prosesə müsbət təsir göstərir:

"Nəticə etibarilə, təhsildə bərabərsizliyin azaldılması kompleks yanaşma tələb edən bir prosesdir. Mövcud islahatların davamlılığı, innovativ yanaşmaların tətbiqi və bütün tərəflərin əməkdaşlığı nəticəsində daha inklüziv, əlçatan və keyfiyyətli təhsil mühitinin formalaşdırılması mümkündür".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

20 Mart 2026