Dekabrın 8-də Bakı Konqres Mərkəzində rəsmi açılışı keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” panel müzakirələrlə işini davam etdirib.
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusuna həsr olunan növbəti panel Mədəniyyət Nazirliyi Xarici əlaqələr sektorunun müdiri Aydan Nurəlizadənin moderatorluğu ilə gerçəkləşib.
Paneldə İƏT Mədəniyyət işləri departamentinin direktoru Alhoucine Rhazoui, İƏT İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru professor Mahmud Erol Kılıç, İƏT-in Məlumat və mədəniyyət işləri üzrə daimi komitəsinin baş direktoru Ameth Diallo, ABŞ-də Mədəniyyət və Təhsil İnstitutunun baş direktoru Vasif Eyvazzadə və "Mistika" yaradıcılıq qurumunun (Birləşmiş Ərəb Əmirlikləri) həmtəsisçisi və icraçı direktoru Mohammad Jamal Abdelfattah Elgohary çıxış ediblər.
Tədbirdə rəqəmsallaşan dünyada İslam mədəniyyətinin qorunması, öyrədilməsi və gələcək nəsillərə çatdırılması məsələləri diqqət mərkəzinə çəkilib. Natiqlər texnologiyanın mədəniyyətin daşıyıcısına çevrildiyi bir dövrdə ənənəvi biliklərin müasir formada necə qoruna biləcəyi, eyni zamanda gənc nəsillərin marağını artırmaq üçün yeni rəqəmsal vasitələrin tətbiqi kimi məsələlərə toxunublar.
Eyni zamanda yeni şəraitdə İƏT, IRCICA və digər beynəlxalq qurumların qeyd olunan sahələr üzrə missiyası da müzakirə edilib.
Sonda panel iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Bakı 








