“Tələb etməyimizə rəğmən, Rəşad Atakişiyevin hansı şəraitdə, hansı ölkə tərəfindən, necə və niyə vurulması barədə bizə məlumat verilmir”.
Bu barədə Bakıvaxtı.az-a şəhid pilotun qayınatası, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib.
O qeyd edib ki, təxminən bir ay öncə, prezidentin Sərəncamı ilə Rəşad Atakişiyev ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub:
“Düzdür, hələ ailəsinə təqdim olunmayıb. Yəqin ki, təqdim olunacaq. Rəşada Milli Qəhrəman statusu vermədilər”.

Qabil Hüseynli: Qulaq asmasaq da, əlaqə saxladığımız adam söylədi ki, “qara qutu”dan pilotun iniltisi eşidilib
R.Atakişiyevin vurulmasına dair təxminləri və topladığı məlumatları bölüşən Q.Hüseynli qeyd edib ki, şəhid pilotumuz vurulan gün təxminən 100 kilometr aralıda ruslar sovetdən qalma “Lazer” silahının təkmilləşdirilmiş versiyasını sınaqdan keçirirlərmiş:
“Dörd Azərbaycan təyyarəsi də gecə Xəzərin üzərində təlim-məşq keçirmiş. Onlar Rəşadın təyyarəsini tanıyırlarmış. Rəşadın ürəyini nişan alıblar. Düzdür, biz qulaq asmasaq da, əlaqə saxladığımız adam söylədi ki, “qara qutu”dan pilotun iniltisi eşidilib. “Katapult” düyməsi pilotun sağ əlinin altında olur. O düyməni sıxsa idi, xilas ola bilərdi, amma ürəyini nişan aldıqları üçün “katapult” düyməsini sıxmağa gücü çatmayıb”.
Qeyd edək ki, Aprel döyüşlərinin qəhrəman iştirakçılarından, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu olan polkovnik-leytenant Rəşad Atakişiyev 2019-cu ilin 24 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən, vurularaq, şəhid olub.
Aydın Baxış
Bakı 



