• Bakı C

    7.33 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Rusiya-Ukrayna müharibəsi SONA ÇATIR? - Əgər savaşı durdurmaq asan olsaydı...

DÜNYA

18 Dekabr 2025 | 11:09

Rusiya-Ukrayna müharibəsi SONA ÇATIR? - Əgər savaşı durdurmaq asan olsaydı...

“Rusiya-Ukrayna müharibəsinin sona yaxınlaşdığını, sülhün əldə olunacağını birmənalı söyləmək mümkün deyil”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov Rusiya-Ukrayna müharibəsi ilə bağlı intensivləşən danışıqları şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Türkiyə tərəfi, xüsusən XİN başçısı Hakan Fidan hadisələrin içərisində olduğundan müəyyən fikirlər söyləyə bilərlər:

"Amma məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün çoxsaylı cəhdlər, təşəbbüslər olub. ABŞ və Türkiyə də bu istiqamətdə xeyli addım atıblar, işlər görüblər, görüşlər keçiriblər. Ancaq əfsuslar ki, nəticəsi olmayıb”.

Samir Hümbətov: Bu müharibədə Ukraynanın aqibəti, Rusiyanın gələcək taleyi həll olunur

Müsahibimiz hesab edir ki, əgər savaşı durdurmaq asan olsaydı, ABŞ Prezidenti Donald Tramp bunu hər vəchlə edərdi. Çünki Tramp məhz buna çalışırdı. Lakin Tramp belə bunu bacarmadı:

“Ona görə də Rusiya-Ukrayna müharibəsinin qısa müddətdə dayanacağını düşünmək çətindir. Bunun üçün perspektiv yoxdur. Ən azından ona görə ki, hazırda müharibə şiddətli şəkildə davam edir. Nə Ukrayna, nə də Rusiya müharibədən geri duracağını bəyan edir, buna niyyəti olduğunu belə büruzə verir. Rusiya Ukraynanın daha çox ərazilərini tutmağa çalışdığı kimi, Ukrayna da itirdiyi ərazilərini geri qaytarmağa çalışır. Bu da uzunmüddətli müharibənin əlamətləri deməkdir”.

Türkiyə-Rusiya arasında yaxın təmasların, münasibətlərin mövcud olduğunu deyən Samir Hümbətov bildirib ki, tərəflər, liderlər bir-birinə etimad göstərirlər:

“Amma bu, "taxıl məsələsi" deyil. Bu müharibədə Ukraynanın aqibəti, o cümlədən Rusiyanın gələcək taleyi həll olunur".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulun Rusiya və Ukraynanın dialoq apara bildiyi yeganə məkan olaraq qaldığını və Ankaranın bu danışıqlar prosesini canlandırmağa hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi regionun indiyə qədər üzləşdiyi ən mürəkkəb çətinliklərdən biridir:

"İlk gündən prinsipimiz aydın idi: müharibədə qalib, ədalətli sülhdə isə məğlub yoxdur. Bu əqidəyə əsaslanaraq, müharibəni diplomatik yollarla bitirmək üçün ən intensiv səylər göstərən ölkə biz olduq. İstanbul tərəflərin texniki səviyyədə görüşə və sülh yolu ilə həllin parametrlərini müzakirə edə bildiyi yeganə platforma olaraq qalır".

H.Fidan bildirib ki, Türkiyədə danışıqların aparılması türk diplomatiyasına göstərilən etimadın təzahürüdür:

"Türkiyə istənilən təşəbbüsü həyata keçirməyə, dəstəkləyici rol oynamağa və müharibəyə diplomatik yollarla son qoymaq məqsədilə sülh danışıqları üçün platformanı bərpa etməyə hazırdır".

Onu da deyək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda apardığı müzakirələrdən sonra ABŞ lideri Donald Tramp ilə Ukrayna üzrə sülh planını müzakirə etməyi gözlədiyini bildirib. Ərdoğan qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı prosesə Donald Tramp rəhbərlik edir və Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı tərəfdaşlarla daim təmasdadır:

"Biz liderlərlə mütəmadi olaraq telefon danışıqları aparırıq. Putinlə bu görüşdən sonra Tramp ilə də sülh planını müzakirə etmək imkanı əldə edəcəyimizə ümid edirik. Sülh uzaqda deyil, biz bunu görürük".

Aydın Baxış


SON XƏBƏRLƏR

17 Dekabr 2025