Rusiya-Ukrayna müharibəsində iştirak edən əslən Tovuz rayonundan olan İsmayıl Buludxan oğlu Həsənovun işi üzrə ibtidai istintaq başa çatıb.
Bakıvaxtı.az-ın Oxu.Az-a istinadən məlumatına görə, İ.Həsənov Rusiya Federasiyasında törətdiyi cinayət əməllərinə görə 12 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Ona tətbiq edilən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasının 8 il 6 ay hissəsini çəkib, qalan 3 il 6 ay hissəsini Azərbaycan Respublikasında çəkmək üçün iki dəfə müraciət etsə də, imtina cavabı alıb. 19 noyabr 2022-ci il tarixdə "Vaqner" silahlı qruplaşmasının rəhbəri onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinə gələrək məhkumlarla görüşüb, onlara Rusiya-Ukrayna müharibəsində altı ay müddətində iştirak etməyi təklif edib. Qarşılığında həmin müddət bitdikdən sonra hər bir məhkuma 91 100 rubl məbləğində pul vəsaiti, azadlıq və Rusiya Federasiyası vətəndaşlığı veriləcəyini vəd edib. Onlar müharibədə iştirak etməyə razılaşmış məhkumları 25 noyabr 2022-ci il tarixdə Rostov şəhərinə aparıblar.
İ.Həsənov bildirib ki, O, Rostov şəhərində "Vaqner" silahlı qruplaşması ilə yazılı müqavilə imzalayıb. Daha sonra Ukraynanın Luqansk vilayətinə aparılıb. Luqansk vilayətində onlara məlum olmayan ərazidə 14 gün müxtəlif silahlardan istifadə və müharibə ilə bağlı digər hərbi təlimlər keçirilib. Ukrayna hərbiçiləri ilə üzbəüz döyüşlərdə heç zaman olmayıb, müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqınlar etməyib. Onun əsas iştirakı Rusiya Federasiyasının ölən və yaralanan hərbiçilərini döyüş bölgəsindən təxliyə etmək olub.
25 may 2023-cü ildə altı ay müddət bitdikdən sonra onu Rusiya Federasiyasının Rostov şəhəri ilə həmsərhəd ərazisinə aparıblar. Orada "Vaqner" silahlı qruplaşmasının üzvləri ona 91 100 rubl məbləğində pul vəsaiti (təxminən 15-16 min manat), həmçinin müharibədə iştirakına görə medal və fəxri fərman təqdim ediblər. O, Rusiya Federasiyasının Rostov şəhərinə aparılaraq oradan sərbəst buraxılıb. O, sərbəst buraxılan zaman "Vaqner" silahlı qruplaşması tərəfindən məhkumların hər birinə sadə mobil telefon və Rusiya mobil operatoruna məxsus sim-kart verilib. Rusiya Federasiyasında olduğu dövrdə "Vaqner" silahlı qruplaşmasının rəhbərliyi ona zəng edərək aylıq 25 000 rubl (o dövr üçün təxminən 1 000 manat) müqabilində Ukrayna, Mali və Suriya dövlətlərində muzdlu döyüşçü kimi iştirak etməyi təklif edib, o isə artıq muzdlu döyüşçü kimi heç bir ölkədə döyüşmək niyyətinin olmadığını bildirib. Müharibədən qayıtdıqdan sonra Rusiya Federasiyasının vətəndaşlığını əldə edib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İsmayıl Həsənov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Bakı 



