• Bakı 27° C

    8 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Rusiyada azərbaycanlılara qarşı zorakılıq: Əgər ölüm halı qeydə alınıbsa, bu...

SİYASƏT

01 Iyul 2025 | 09:32

Rusiyada azərbaycanlılara qarşı zorakılıq: Əgər ölüm halı qeydə alınıbsa, bu...

Son günlərdə Rusiyada azərbaycanlılara qarşı baş vermiş zorakılıq hadisəsi həm Azərbaycan cəmiyyətində, həm də siyasi dairələrdə dərin narahatlıq doğurub.

Hadisə zamanı hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı iki azərbaycanlının həyatını itirməsi və yayılan məlumatlara görə, hüquq-mühafizə əməkdaşlarının səlahiyyət həddini aşaraq kobud davranış sərgiləməsi bu məsələnin təsadüfi və lokal hadisə olmadığını göstərir. Məsələ təkcə iki şəxsin hüquqlarının pozulması və faciəli şəkildə həyatını itirməsi ilə yekunlaşmır, bu, eyni zamanda Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı artan ayrı-seçkilik meyillərinin, ksenofobiyanın və hüquqla davranış prinsiplərinin pozulmasının daha geniş miqyaslı təzahürü kimi qiymətləndirilir.

Azərbaycan ictimaiyyətində hadisəyə münasibət birmənalı olaraq kəskindir - insanlar baş verənləri ədalətsizlik, insan hüquqlarına və beynəlxalq hüquqa zidd hərəkət kimi dəyərləndirir. Siyasi dairələr də məsələyə biganə qalmayıb.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin hadisə ilə bağlı Bakıvaxtı.az-a verdiyi açıqlamada baş verənləri qəbuledilməz adlandırıb və hadisənin hərtərəfli, obyektiv şəkildə araşdırılmasının vacibliyini vurğulayıb.

Deputatın sözlərinə görə, Rusiyada baş verən son zorakılıq aktı yalnız azərbaycanlılara deyil, bütövlükdə miqrantlara qarşı yönəlmiş ən ciddi insidentlərdən biridir və bu, heç bir halda qəbulolunan deyil:

“Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində İstintaq Komitəsi səlahiyyətlərini aşan addımlar atıb. Bu məsələ dərindən təhlil edilməli və ciddi araşdırılmalıdır. Əgər hadisə zamanı ölüm halı qeydə alınıbsa, bu zaman hüquqi qiymət verilməli, məsuliyyət daşıyan orqanlar cavabdehlik daşımalıdır".

Arzu Nağıyev, Milli Məclisin deputatı

Arzu Nağıyev əlavə edib ki, bu kimi hallar Rusiyada miqrantlara qarşı ilk dəfə müşahidə olunmur:

“Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş hadisəyə dərhal münasibət bildirib və öz mövqeyini qarşı tərəfə rəsmi bəyanatla çatdırıb. Rusiya XİN nümayəndəsi Mariya Zaxarova müəyyən açıqlama versə də, Azərbaycan XİN-in müraciətinə aydın və yüksək səviyyəli cavab verilməlidir. Əks halda bu vəziyyət, həm miqrasiya sahəsində, həm də digər sahələrdə ciddi nəticələrə səbəb ola bilər”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan həmişə mehriban qonşuluq prinsipinə sadiq olub və ölkədəki rus icmasına daim hörmət və diqqətlə yanaşılıb. Rusiya da bu münasibətə uyğun şəkildə davranmalı, məsələ ilə bağlı həm Xarici İşlər Nazirliyi, həm də digər müvafiq qurumlar səviyyəsində ciddi araşdırma aparmalı və Azərbaycan tərəfinin haqlı narahatlığına cavab verməlidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR