• Bakı 30° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Şagirdlərdən sonra müəllimlərə də telefon qadağası qoyulacaq?

CƏMİYYƏT

14 Iyul 2026 | 10:55

Şagirdlərdən sonra müəllimlərə də telefon qadağası qoyulacaq?

Mobil telefonlardan məktəblərdə istifadə son illər həm Azərbaycanda, həm də dünyanın bir çox ölkəsində təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi şagirdlərin təhsil prosesində elektron cihazlardan istifadəsini artırsa da, bu halın dərsə diqqətin azalması, akademik nəticələrə mənfi təsir göstərməsi və məktəbdaxili ünsiyyətin zəifləməsi kimi risklər yaratdığı da qeyd olunur.

Bu səbəbdən bir sıra ölkələrdə məktəblərdə mobil telefonlardan istifadə ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq edilir. Azərbaycanda da tədris mühitinin daha səmərəli təşkili, intizamın gücləndirilməsi və şagirdlərin dərsə fokuslanmasının təmin olunması məqsədilə məktəblərdə mobil telefon və digər elektron cihazlardan istifadəni tənzimləyən yeni qaydalar qüvvəyə minib.

Bəs dərs zamanı müəllimlərə də telefon qadağası edilə bilərmi?

Vüsət Əzizov: Söhbət tam qadağadan yox, istifadə qaydalarının tənzimlənməsindən getməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, müəllimlərə də dərs zamanı mobil telefon istifadəsi ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi gələcəkdə müzakirə mövzusu ola bilər. Onun sözlərinə görə, lakin bu məsələ şagirdlərə tətbiq olunan qadağadan fərqli yanaşma tələb edir:

“Çünki müəllimin telefonu təkcə şəxsi ünsiyyət vasitəsi deyil, eyni zamanda tədris prosesində istifadə olunan peşəkar alət funksiyasını daşıya bilər. Hesab edirəm ki, söhbət tam qadağadan deyil, istifadə qaydalarının tənzimlənməsindən getməlidir. Məsələn, dərs zamanı şəxsi məqsədlərlə telefondan istifadə məhdudlaşdırıla bilər, lakin elektron jurnal, rəqəmsal tədris platformaları, qiymətləndirmə və digər pedaqoji ehtiyaclar üçün istifadəyə imkan saxlanılmalıdır”.

Ekspertin fikrincə, belə bir qərar qəbul olunarsa, müəllimlərin münasibəti də fərqli olacaq:

“Əgər qərar əsaslandırılmış şəkildə, müəllimlərin rəyi nəzərə alınaraq və peşə fəaliyyətinə mane olmayacaq formada tətbiq edilərsə, onu anlayışla qarşılayanlar az olmayacaq. Ancaq qadağa sərt və istisnasız olarsa, bu, müəllimlər arasında narazılıq yarada bilər. Çünki bəzi hallarda valideynlərlə operativ əlaqə, məktəb rəhbərliyindən gələn təcili məlumatlar və ya dərslə bağlı rəqəmsal resurslardan istifadə zəruri olur”.

Müsahibimiz əlavə edib ki, əsas məqsəd qadağa tətbiq etmək deyil, dərs prosesində diqqətin yayınmasının qarşısını almaq və peşə etikası çərçivəsində telefon istifadəsini tənzimləmək olmalıdır:

“Müəllim sinifdə şagird üçün nümunədir. Ona görə də telefon istifadəsi ilə bağlı müəyyən standartların olması həm tədris mühitinin keyfiyyətinə, həm də məktəbdə formalaşan intizam mədəniyyətinə müsbət təsir göstərə bilər”.

Ramin Nurəliyev: Şagirdlər üçün tətbiq edilən telefon qadağası müəllimlərə tətbiq edilməməlidir

Təhsil eksperti Ramil Nurəliyev də müəllimlərə mobil telefon qadağasına qarşıdır. Onun Bakıvaxtı.az-a dediyinə görə, orta ümumtəhsil məktəblərində şagirdlər üçün tətbiq edilən telefon qadağası müəllimlər üçün tətbiq edilməməlidir. Bunu isə müəllimlərin telefonfan həm də əyani dərs vəsaiti kimi istifadə etməsi ilə əlaqələndirir:

“Bəzən dərs zamanı müəllimlərə hansısa bir materialı, əyani vəsaiti əldə etmək üçün planşetdən istifadə məcburiyyəti yarana bilər. Və müəllim bundan istifadə etməlidir”

Müsahibimiz gesab edir ki, o baxımdan, tədris müddətində müəllimlərə telefon qadağasını tətbiq etmək doğru olmaz.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyul 2026