Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi iqtisadi və ticarət əlaqələrimizin inkişafında böyük rol oynayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.
"Nəqliyyat əlaqələrimizdən danışarkən, ilk növbədə, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti vurğulanmalıdır. Cari ilin ilk 9 ayı ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artmışdır.
Azərbaycan həm İran, həm də Rusiya ilə quru sərhədlərə malik yeganə ölkə kimi, Şimal–Cənub nəqliyyat dəhlizinin qərb hissəsində strateji mövqe tutur. Bu coğrafi üstünlük ölkəmizə dəhlizin səmərəli fəaliyyəti və regionda nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynamağa imkan verir".