Aprelin 12-də Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Tağıyev dəfn edilib.
Bakıvaxtı.az xəbər verir ki, şəhid Şahbuz rayonunun Badamlı qəsəbəsində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
14:42
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşi tutması nəticəsində şəhid olan Səbuhi Gündüz oğlu Tağıyevin nəşi ailəsinə təhvil verilib.
Bakıvaxtı.az xəbər verir ki, mərhumun cənazəsi Naxçıvan MR Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.
Vida mərasimindən sonra şəhid Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.
14:00
Aprelin 12-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhid Səbuhi Tağıyevin cənazəsinin qarşılanma mərasimi olub.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.
Şəhidin cənazəsi Şahbuz rayonunun Badamlı qəsəbəsinə yola salınıb.
















