Təbrizin “Traktor” klubu İran çempionatının XXII turundan təxirə salınmış oyunda səfərdə “Fulad” üzərində 2:1 hesablı qələbə qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, Əhvaz şəhərində keçirilən oyunda ilk qolu 46-cı dəqiqədə "Traktor"un xorvatiyalı hücumçusu Domaqoy Drozdek vurub.
Qarşılaşma nəzərdə tutulandan xeyli çox davam edib. Oyunun 90+20-ci (!) dəqiqəsində meydan sahibləri bərabərlik qolunu vurub. 90+23-cü dəqiqədə isə Mehdi Hashemnejad “Traktor”u qələbəyə daşıyıb.
Vacib səfər qələbəsi Cənubi Azərbaycan klubunu çempionluğa bir qədər də yaxınlaşdırıb. Liderliyini möhkəmləndirən “Traktor” sona 3 tur qalmış 61 xalla ən yaxın rəqibi “Sepahan”ı 5 xal geridə qoyub.
Qeyd edək ki, “Traktor” tarixində heç vaxt İran çempionu ola bilməyib.