"Azərbaycanda şəhərsalma siyasəti təkcə tikinti deyil, təhlükəsizlik və sosial inkişaf məsələlərini də əhatə edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, şəhərsalma sadəcə memarlıq və ya tikinti prosesi deyil, insan cəmiyyətinin tarixdən gələn mühüm mədəniyyətidir. Depiyay bildirib ki, bu sahə sosial obyektlərin qurulması, yol infrastrukturunun yaradılması, kommunikasiya xətlərinin çəkilməsi və təhlükəsizliyin təmin olunması kimi vacib istiqamətləri özündə birləşdirir.
A.Mirzəzadə qeyd edib ki, XIX əsrin ortalarından başlayaraq Azərbaycanda şəhərsalma sahəsinə xüsusi diqqət ayrılıb, neft milyonçuları müasir şəhərlərin salınmasına böyük dəstək göstəriblər. Şəhərsalmanın ən böyük inkişaf mərhələlərindən biri ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edib.
Onun sözlərinə görə, 1969-1982-ci illərdə Azərbaycanda ciddi inqilabi dəyişikliklər baş verib, mənzil fondu iki dəfə artıb, yeni yaşayış massivləri salınıb və mühüm infrastruktur layihələri həyata keçirilib. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması da həmin dövrün strateji addımlarından biri olub:
“Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı və regionlar sürətlə yenilənir, işğaldan azad olunmuş ərazilərdə isə bərpa-quruculuq işləri müasir standartlara uyğun şəkildə aparılır”.
Deputat vurğulayıb ki, azad edilmiş ərazilərdə yalnız tikinti aparılmır, eyni zamanda uzunmüddətli dayanıqlılıq və təhlükəsizlik məsələləri də nəzərə alınır.
Zeynəb Rzayeva
Bakı 




