Serbiya ölkədə atom elektrik stansiyasının tikintisinin mümkünlüyünü öyrənmək üçün 30 milyon avro ayırıb və nüvə energetikasının inkişaf perspektivlərini araşdırmaq üçün Fransa ilə əməkdaşlıq edəcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Parisdə Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
Vuçiç xatırladıb ki, Serbiya artıq Fransanın enerji şirkəti "EDF" ilə anlaşma memorandumu imzalayıb və hazırkı danışıqlar bu tərəfdaşlığı daha da inkişaf etdirir. O, nüvə enerjisi üzrə ilkin araşdırmalara 30 milyon avro ayrıldığını və ölkənin hələlik layihənin başlanğıcında olduğunu bildirib.
Vuçiç nüvə enerjisinin Serbiyanın gələcək enerji balansının əsas elementinə çevrilə biləcəyini vurğulayıb:
"Bu, ən təmiz enerji, ən yaxşı enerji və bizi gələcəkdə xilas edə biləcək yeganə enerjidir, çünki 15 ildən sonra bizdə daha kömür olmayacaq. İstəsək də, istəməsək də, elektrik enerjisini başqa yolla almalıyıq və mən 15 ildən sonra hakimiyyətdə olanlara kömək etmək istərdim".
Gülşən Şərif
Bakı 



