Şərqi Avropa bölgəsində humanitar və siyasi böhran dərinləşməkdə davam edir. Regional oyunçuların vasitəçilik səyləri isə hələlik real nəticə vermir və proses dalana dirənmiş kimi görünür.
Mövcud şəraitdə regional güclər arasında mümkün balans dəyişikliyinin danışıqlar prosesinə hansı təsirləri göstərə biləcəyi sual doğurur.
Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, indiki mərhələdə vəziyyət getdikcə daha da çətinləşir. Bunun əsas səbəblərindən biri qütbləşmənin dərinləşməsidir. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan Ankoric görüşündən sonra dünya siyasi xəritəsində faktiki dəyişikliklərin baş verdiyini gördük. Artıq hər kəs öz bildiyi ilə hərəkət edir və geri çəkilmək niyyətində deyil.
Politoloqun sözlərinə görə, Ukrayna-Rusiya qarşıdurmasında vəziyyəti gərginləşdirən əsas amillərdən biri Avropanın mövqeyidir. Müsahibimiz qeyd edib ki, Avropa hazırda sözün əsl mənasında çıxılmaz vəziyyətdədir:
"Çünki bir tərəfdən öz geosiyasi alətləri zəifləyib, digər tərəfdən isə ABŞ açıq şəkildə Avropaya mesaj verir ki, artıq onun yükünü daşımaq niyyətində deyil. Bununla yanaşı, Avropa enerji baxımından da ciddi çətinliklərlə üz-üzədir. Sovet İttifaqının dağılmasından sonra Avropa uzun illər Rusiyadan enerji resursları və onların daşıyıcılarını idxal edirdi. Hazırda isə bu idxal dayandırılıb və Avropa məcburən daha baha alternativlərə üz tutur. ABŞ-də da neft, benzin və digər enerji daşıyıcılarının qiymətində ciddi artım müşahidə olunur".
T.Abbasov bildirib ki, bu səbəbdən ehtiyatlı davranan dövlətlər tələskənliyə yol vermir və mövcud ehtiyat imkanlarını qorumağa çalışırlar. Onlar vəziyyəti daha əlverişli mərhələyə daşımaq üçün imkan axtarışındadırlar. Bu proseslərdə Rusiyanın da öz baxışı var. Moskvanın mövqeyinə görə, ya Volodimir Zelenski hakimiyyətdən getməlidir, ya da Donetsk istiqamətində Ukrayna qoşunları geri çəkilməlidir. Zelenski isə bu tələblərə qarşı dirəniş göstərir. Avropanın ona verdiyi mesaj da budur ki, Rusiyanın istəklərinə müsbət cavab verilməməlidir.
Həmsöhbətimiz deyib ki, buna görə də Zelenski müharibənin ritmini qorumağa və tələsməməyə çalışır. Eyni zamanda öz məqsədlərinə nail olacağına dair açıqlamalar verir. Onun qənaətinə görə, Vladimir Putinin ilkin planlarından biri Odessa istiqamətində Xarkov vilayətini ələ keçirməkdir. Hər halda, Rusiyanın da öz çətinlikləri mövcuddur. Hazırda aktiv müdafiə olunur, müxtəlif istiqamətlərdə təzyiqlərlə üzləşir və yeni taktiki gedişlərdən istifadə edir. Bu da Rusiya qoşunlarını müəyyən mənada çətin vəziyyətə salır:
"Məncə, yaxın perspektivdə Ukrayna daha ağır vəziyyətlə üzləşə bilər. Çünki Rusiyanın imkanları fonunda Ukraynanın strateji ehtiyatları tədricən tükənir. Düzdür, həm Avropa, həm də ABŞ-dəki bəzi analitiklər Ukraynanı ruhlandırır və bildirirlər ki, əgər ölkə qış mövsümünü ciddi itkilərsiz keçirə bilsə, yay aylarında Rusiyanın vəziyyəti daha da çətinləşə bilər. Onların proqnozları əsasən bu yöndədir".

Tofiq Abbasov: Ən doğru seçim vaxtında dayanmaqdır
Ekspert hesab edir ki, Rusiya Dnepr çayını keçdikdən sonra Odessa və Xarkovu mühasirəyə almaq üçün əlverişli şərait formalaşdırmağa çalışır. Müharibələrdə hər zaman müxtəlif planlar hazırlanır və hərbi komandanlar öz baxışlarının ən doğru və praqmatik olduğunu siyasi rəhbərlərə sübut etməyə çalışırlar. Amma çox vaxt real vəziyyət əvvəlcədən aparılan hesablamaları alt-üst edir və gözlənilən nəticələr baş vermir:
"Qış mövsümünün sərt keçəcəyi ehtimal olunur və yaxın aylarda qüvvələr nisbəti daha aydın şəkildə üzə çıxacaq. Böyük dövlətlərin proseslərə cəlb olunmasına gəlincə, onlar adətən başqa ölkələrin qoşulmasından çəkinmirlər. Əksinə, bu, onlara strateji imkanlarını, ehtiyatlarını və resurslarını artırmaq üçün əlavə üstünlük yaradır".
Müsahibimizin sözlərinə görə, hazırda Fars körfəzində də vəziyyət kifayət qədər gərgindir. Donald Tramp İrana zərbə endirmək niyyətindən geri çəkilib:
"Çünki İranla müharibə uzunmüddətli və ağır nəticələrə səbəb ola bilər, eyni zamanda ABŞ-nin bir çox hədəfləri risk altına düşə bilər. Tramp ölkə daxilindəki vəziyyəti də nəzərə alaraq bu riski götürmək istəmir. ABŞ daxilində də proseslər ürəkaçan deyil.
Ümumilikdə balans o zaman formalaşır ki, gözlənilməz dəyişikliklər və şok effekti yaradan hadisələr baş verir. Belə məqamlarda artıq dərin risklərə getməyin yeri olmadığını anlayırsan. Ən doğru seçim vaxtında dayanmaqdır".
Zeynəb Rzayeva
Bakı 




