2024-cü ildə 24,1 min nəfər sertifikatlaşmaya cəlb edilib, imtahanların nəticələrinə əsasən 20,2 min nəfər imtahanı uğurla bitirib.
Ümumilikdə, 2024-cü ildə sertifikatlaşdırmadan keçən 23,5 min nəfərdən 9 min nəfər (ümumi imtahan verənlərin 38%-i) vəzifə maaşına 35%, 14,5 min nəfərin (ümumi imtahan verənlərin 62%-i) vəzifə maaşına isə 10% əlavələr edilib.
Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, 2024-cü ildə test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7,3 min müəllim iştirak edib, onlardan 3,4 min nəfər imtahanı keçib.
Təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.
Onu da qeyd edək ki, 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına uyğun olaraq sertifikatlaşdırma prosesini uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib. Nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanı ilə səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və təhsilverənlərin vəzifə maaşlarına sertifikatlaşdırmanın nəticəsinə görə aylıq əlavələr müəyyən edilib. Məktəb direktorlarının mövcud əməkhaqqına şagird sayından asılı olaraq 600 manatdan 1500 manatadək, direktor müavinlərinin əməkhaqqına isə 200 manatdan 500 manatadək əlavələr edilib.