• Bakı 10° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Səs yazısı nəyi açdı: Ramiz Mehdiyev, çevriliş planı və Moskva faktoru

SİYASƏT

13 Fevral 2026 | 16:58

Səs yazısı nəyi açdı: Ramiz Mehdiyev, çevriliş planı və Moskva faktoru

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanı ilə telefon danışığına aid olduğu bildirilən səs yazısı yayılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı videomaterialda əks olunan bu səs yazısında Mehdiyev Azərbaycanda dövlət idarəçiliyinin yenidən qurulması ilə bağlı planlardan danışır və bu planı Rusiya tərəfinə çatdırmaq niyyətində olduğunu açıq şəkildə ifadə edir.

Danışıq əsasən rus dilində aparılır və Mehdiyev təklif etdiyi sənədi poçt vasitəsilə göndərəcəyini bildirir. Səs yazısı ölkənin siyasi gündəmində ciddi rezonans doğurub və bir sıra fundamental sualları gündəmə gətirib.

Bu səs yazısında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev çevriliş planını birbaşa kimə təqdim etməyə çalışır. Söhbət Rusiyanın ali siyasi rəhbərliyindən gedir, yoxsa xüsusi xidmət orqanlarının rəhbərliyindən. Bu sual təsadüfi deyil, çünki hər iki variant Moskvanın məsələyə yanaşmasının mahiyyətini fərqli müstəviyə çıxarır. Əgər hədəf siyasi rəhbərlik idisə, bu, Azərbaycan daxilində hakimiyyət dəyişikliyi ideyasının geosiyasi razılaşma predmeti kimi təqdim edildiyini göstərir. Əgər xüsusi xidmət orqanları nəzərdə tutulurdusa, bu halda söhbət birbaşa gizli müdaxilə mexanizmlərindən gedir.

Danışıqda iştirak edən və Rusiya xüsusi xidmət orqanının əməkdaşı olduğu bildirilən xanımın mövqeyi isə xüsusilə diqqətəlayiqdir. Onun “bu, sizin daxili işinizdir, öz aranızda həll edin” məzmunlu cavabı ilk baxışda məsuliyyətdən yayınma təsiri bağışlayır. Lakin bu cümlənin arxasında daha mürəkkəb motivlərin dayanması ehtimalı güclüdür. Bir variant ondan ibarətdir ki, qarşı tərəf danışığın qeydə alınması riskini nəzərə alaraq açıq mövqe bildirməkdən yayınır. Digər ehtimal isə ondan ibarətdir ki, Mehdiyevin təqdim etdiyi ssenari Moskvanın mövcud maraqları ilə üst-üstə düşmür və bu səbəbdən ehtiyatlı reaksiya verilir. Mehdiyevin söhbət zamanı israr etməsi də ikinci ehtimalı gücləndirən məqam kimi çıxış edir.

Bu kontekstdə səs yazısı təkcə bir şəxsin iddialı planlarından ibarət deyil, eyni zamanda keçmiş hakim elitanın müəyyən dairələrinin düşüncə tərzini açıq şəkildə ortaya qoyur. Burada əsas məsələ ondan ibarətdir ki, uzun illər dövlət idarəçiliyinin mərkəzində dayanmış bir fiqur daxili siyasi proseslərin həllini xarici gücün vasitəçiliyi ilə mümkün sayır. Bu isə dövlətçilik baxımından son dərəcə təhlükəli yanaşmadır və suverenliyin necə algılandığını göstərir.

Səs yazısının yayılması göstərir ki, Azərbaycan dövlətinin təhlükəsizlik orqanları bu cür cəhdləri yalnız siyasi baxımdan deyil, milli təhlükəsizlik müstəvisində də qiymətləndirir. Məsələ təkcə keçmiş bir məmurun şəxsi təşəbbüsü deyil, potensial olaraq dövlət quruluşuna yönəlmiş sistemli risk kimi təqdim olunur. Bu baxımdan yayılan material həm ictimai rəy üçün mesajdır, həm də xaricdəki mümkün ünvanlara açıq xəbərdarlıq xarakteri daşıyır.

Bu səs yazısı bir daha sübut edir ki, Azərbaycan dövləti öz siyasi sisteminə yönəlmiş gizli müdaxilə və çevriliş ssenarilərini vaxtında müəyyən edir və milli maraqlar naminə bu cür cəhdlərə heç bir halda imkan vermir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR