• Bakı 18° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Səssiz etiraz: Tbilisinin qərarı kimə mesaj idi?

SİYASƏT

15 Oktyabr 2025 | 13:17

Səssiz etiraz: Tbilisinin qərarı kimə mesaj idi?

Cənubi Qafqazda küləklər yenidən istiqamətini dəyişir.

Tbilisi bu dəfə sükutla, amma kifayət qədər sarsıdıcı bir qərarla diqqət mərkəzinə çevrildi. Gürcüstan hökumətinin ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşü ləğv etməsi ilk baxışda diplomatik protokolun pozulması kimi görünsə də, əslində, bu addımın arxasında daha dərin bir siyasi məntiq dayanır.

Bu, həm daxili sabitliyin qorunması, həm də xarici təsirlərə qarşı milli mövqenin sərgilənməsi idi.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Tural İsmayılov bildirib ki, Gürcüstan hökumətinin ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə görüşü ləğv etməsi əslində bir çoxları üçün “sərt jest” kimi görünə bilər, amma məsələni daha dərindən oxumaq lazımdır:

"Tbilisidə baş verən etirazlar, Qərb dairələrinin bu prosesə birmənalı olmayan münasibəti və hökumətin daxili sabitliyi qorumaq istəyi fonunda bu addım Gürcüstanın siyasi yetkinliyinin göstəricisi kimi də dəyərləndirilə bilər. Əvvəla, Gürcüstan rəhbərliyi aydın şəkildə göstərir ki, qərarlarını daxili ictimai-siyasi balansdan çıxış edərək verir, xarici təzyiqlərə boyun əymir. Bu, dövlət suverenliyinə sadiqliyin və milli maraqlara əsaslanan siyasətin ifadəsidir".

Tural İsmayılov diqqətə çatdırıb ki, Elina Valtonenin bəyanatında isə balanssızlıq hiss olunurdu - o, hadisələrə birtərəfli yanaşdı və bu, Tbilisidə çoxlarının narazılığına səbəb oldu:

"Avropa İttifaqı ilə münasibətlərdə gərginlik mümkündür, amma bu, Gürcüstanın Qərbdən uzaqlaşdığı anlamına gəlmir. Əksinə, Tbilisi Qərblə bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq modeli formalaşdırmaq istəyir. Artıq “itaət edən tərəf” yox, “öz qərarlarını verən tərəf” kimi davranır və bu, hər bir dövlət üçün müstəqilliyin real göstəricisidir".

Tural İsmayılov: Gürcüstan artıq “bəyənilmək üçün yox”, “hörmət olunmaq üçün” siyasət aparır

Onun sözlərinə görə, Baş nazir İrakli Kobaxidze üçün bu, həm daxili legitimliyi möhkəmləndirən, həm də xaricə “biz öz yolumuzu bilirik” mesajı verən addımdır:

"Gürcüstan bu gün Cənubi Qafqazda sabitlik, müstəqillik və siyasi iradə baxımından örnək dövlət obrazı yaradır. ATƏT sədrinin bəyanatları isə daxili gərginliyi qısa müddətə artıra bilər, amma uzunmüddətli perspektivdə Tbilisidə milli həmrəyliyin daha da güclənməsinə səbəb olacaq".

Sonda o əlavə edib ki, bu hadisə Gürcüstanın Qərbə inteqrasiya kursunda “kor təqlid” yox, “şüurlu seçim” mərhələsinə keçdiyini göstərir. Gürcüstan artıq “bəyənilmək üçün yox”, “hörmət olunmaq üçün” siyasət aparır və bu, dövlət ağlının əlamətidir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

14 Oktyabr 2025