Ermənistan bu gün dərin sosial, iqtisadi və demoqrafik böhranla üz-üzə qalıb.
Üçüncü respublikanın elanından bəri yürüdülən işğalçı siyasət, uzunmüddətli müharibələr və regional təcrid ölkəni tədricən zəiflədərək onu postsovet məkanının ən geri qalmış dövlətlərindən birinə çevirib.
İqtisadi dözümlülük, miqrasiya axınları, kənd təsərrüfatının çökməsi və siyasi qeyri-sabitlik Ermənistanın gələcəyi üçün real təhlükələr yaradır.
Bu fon qarşılığında hökumətin vəziyyəti düzəltmək cəhdləri və sülh axtarışları ölkə daxilində də, regionda da həlledici məqam kimi dəyərləndirilir.
Sözügedən kontekstdə hazırkı proseslər erməni cəmiyyətinin gələcəyini müəyyən edəcək əsas faktorlara çevrilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, Ermənistan üçüncü respublika elan edildiyi gündən bəri yürüdülən işğalçılıq siyasəti ölkədə ciddi sosial faciələrə səbəb olub:
"Öz ərazisindən kənarda qonşu dövlətlərin torpaqlarına iddia etməyi hədəf seçən Ermənistan nəinki inkişaf edə bildi, əksinə, keçmiş sovet respublikaları arasında sənaye və texnoloji baxımdan ən zəif ölkələrdən birinə çevrildi. Müharibələrdə həyatını itirən erməni gəncliyi də demoqrafik vəziyyətə əlavə zərbə vurdu. Digər tərəfdən, rüşvət və müxtəlif yollarla hərbi xidmətə getməmək üçün ölkəni tərk edənlər prosesin miqyasını daha da böyütdü".
Onun sözlərinə görə, iqtisadi gerilik, iş yerlərinin azlığı və sosial təminatın zəifliyi nəticəsində əhali dolanışıq üçün kütləvi şəkildə xaricə üz tutur:
"Bu gün Ermənistan dünyanın ən çox diasporaya malik xalqlarından biri sayılır və miqrasiya ölkənin gələcəyi üçün əsas təhlükələrdən birinə çevrilib. Kəndlər boşalır, şəhərlərə axın artır, təsərrüfat sahələri isə dövlət dəstəyinin minimal olması səbəbindən tənəzzülə uğrayır. Bu da öz növbəsində əhalinin şəhərlərə və daha sonra ölkə xaricinə üz tutmasını sürətləndirir. Baş nazir Nikol Paşinyan demoqrafik böhranın qarşısını almaq üçün müxtəlif proqramlar təqdim etsə də, onların əksəriyyəti kağız üzərində qalır. Ermənistanda sosial-demoqrafik vəziyyətin stabilləşməsi üçün ilk növbədə sülhə və regional kommunikasiyaların açılmasına ehtiyac var. Nəqliyyat əlaqələri bərpa olunmadan iqtisadi canlanma mümkün deyil və nəticədə ölkədən kütləvi miqrasiya davam edəcək".

Natiq Miri: Ermənistanın gələcək inkişafı məhz bu problemlərin həllindən asılıdır
Natiq Miri əlavə edib ki, Paşinyan sülhün təmin olunmasını zəruri hesab edir:
"Bu məsələdə hökumətin səylərinin reallaşıb-reallaşmayacağı gələcək parlament seçkilərində erməni cəmiyyətinin verəcəyi qərardan asılı olacaq. Seçkilər faktiki olaraq erməni xalqına “sülh, yoxsa müharibə” seçimini təqdim edəcək və ölkənin taleyini bu qərar müəyyənləşdirəcək".
Həmsöhbətimiz deyib ki, rəsmi İrəvana sülh, əməkdaşlıq və sosial-iqtisadi inkişaf gətirmək lazım idi, lakin hazırkı mərhələ bunu tam şəkildə görməyə imkan vermir:
"Bu istiqamətdə atılan addımlar hələlik kifayət qədər deyil və Ermənistanın gələcək inkişafı məhz bu problemlərin həllindən asılıdır".
Əli Hüseynov
Bakı 



