“Artıq insanlar yeni, virtual bir dünyaya qədəm qoyurlar. Bu tendensiya xüsusilə COVID-19 dövründən sonra daha da güclənib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Gülşən Paşayeva “Siyasətin fəlsəfəsi: analitik diskurslar – ideologiya, media, diplomatiya” kitabının təqdimatında çıxışı zamanı deyib.
Deputat informasiya müharibələrinin getdikcə kəskinləşdiyi bir zamanda qlobal siyasət və media mühitində yaranan yeni çağırışlara diqqət çəkib.
Onun sözlərinə görə, böyük güclər üçün ideologiya hələ də siyasətin həyata keçirilməsində əsas təməllərdən biri olaraq qalır. Fərqli ideoloji baxışların və siyasi məqsədlərin mövcudluğu isə beynəlxalq mənzərədə çoxşaxəliliyi daha da artırır.
Paşayeva qeyd edib ki, informasiya axınının sürətlənməsi media mühitində tamamilə yeni risklərə yol açıb:
“Feyk-xəbər, həqiqətin təhrif edilməsi, post-həqiqət və post-reallıq kimi anlayışlar artıq iyirmi birinci əsrin reallığını formalaşdırır”.
Parlament üzvü bildirib ki, bu tip proseslər tarixdə müəyyən formada mövcud olsa da, bu gün həm miqyası, həm də təsir gücü baxımından tamamilə fərqli səviyyədədir.
O vurğulayıb ki, dezinformasiya kampaniyalarının geniş yayıldığı bir dövrdə cəmiyyət üçün doğruluq meyarını müəyyənləşdirmək əvvəlkindən qat-qat çətinləşib:
“İctimai diplomatiyanın düzgün tətbiqi bu gün dövlətlər üçün ən təsirli və strateji alətlərdən birinə çevrilib”.
Zeynəb Rzayeva
Bakı 



