“Şərq-Qərb arasında nəqliyyatın əsas paylayıcı qovşağı Azərbaycandır. Şərqdən regiona giriş ancaq Azərbaycan üzərindəndir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Ekspert bildirib ki, Qərb yönündə giriş dörd istiqamətdəndir:
“Bunlar Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi, Qazax-İcevan və İran üzərindən Araz dəhlizdir. Ancaq Şərqdən giriş birdir, o da Azərbaycandır. Deməli, Qərbdən də, Şərqdən də gələn nəqliyyat yollarının hamısı bir nöqtədə - Azərbaycanda birləşir. Kim öz yüklərini hansı istiqamətdən daşımaq istəsə, sərbəst seçim edəcək. Çünki yüklər fərqli olur".
Həmsöhbətimiz bildirib ki, bəziləri hansısa dövlətlərə, digərləri isə konkret özəl şirkətlərə məxsus çox müxtəlif yüklər olacaq və bu da seçim imkanlarının yaranması deməkdir:
"Əgər kimsə öz yükünü İran, yaxud Rusiya üzərindən daşımaq istəyirsə, bu da onun seçimidir. Son 6 ay ərzində hansı ölkənin paytaxtı bombalanıb? İran ən “təhlükəsiz” ölkələrdən biridir, çox “etibarlı” dəmiryolları var, ən “sabit” dövlətdir. Qlobal ticarət və nəqliyyat yolları rəqabətdir və bunun da kriteriyaları var. Bu kriteriyalar - təhlükəsizlik, demokratikləşmiş sadə bürokratiya və operativlik. Azərbaycan bu kriteriyalara əsasən, Şərq istiqamətində inhisarçıdır və bu imkanlarından da istifadə edəcək”.

Fərhad Məmmədov: . Dövlət başçısı sovet dövründən qalma marşrutu yada saldı
F.Məmmədov Prezident İlham Əliyevin Şimal-Cənub nəqliyyat dəhlizindən danışmasına da diqqət çəkib:
“Artıq Rəşt-Astara yolu ilə bağlı ümidlər üzülüb. Dövlət başçısı sovet dövründən qalma marşrutu yada saldı. Həmin marşrut Rusiyadan Azərbaycana, oradan Zəngəzur dəhlizi ilə Ermənistanı keçməklə Culfaya, oradan da İrana gedir. Bu dəmiryolu ilə istənilən yük daşına bilər. Kim imtina edəcəksə, özü bilər. Cənab Prezident bu yolların açılmasının sülh kontekstində mümkün olduğunu dedi. Bu da çox mühüm idi".
Müsahibimiz onu da əlavə edib ki, dövlət başçısı Ermənistanla bağlı sülh mesajları verdi. Erməni mediası bizim Prezidentdən sitatlar gətirir:
"Ölkə rəhbəri vurğuladı ki, Ermənistan üçün Naxçıvan üzərindən İrana dəmiryolu açılacaq. Eyni zamanda Rusiya və Türkiyəyə də dəmiryol xəttləri salınacaq. Bu da ancaq bölgədə sülhün təmin olunması ilə mümkündür. Ermənistanın TRİİP layihəsindən imtina etməsi sui-qəsddir. Çünki bu layihədə Trampın adı və Qərbin dəstəyi var. Trampla zarafat etmək istəyirlərsə, buyursunlar etsinlər. Biri zarafat etmək istədi, indi Nyu-Yorkdadır”.
Aydın Baxış
Bakı 




