Yaxın Şərqdə baş verən gərgin hərbi-siyasi proseslər təkcə region üçün deyil, qlobal enerji və nəqliyyat şəbəkələri üçün də önəm daşıyır.
Bəs bu dəyişikliklər Azərbaycanın enerji və tranzit ölkə kimi strateji mövqeyini gücləndirəcək, yoxsa yeni risklər yaradacaq?
İqtisadçı ekspert Xalid Kərimli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Körfəz regionu, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında baş verən münaqişələr qlobal iqtisadi əlaqələr vasitəsilə yaranan risklər ölkəyə də mənfi təsir edir. Baxmayaraq ki, Azərbaycan bu proseslərin birbaşa iştirakçısı deyil və bölgədə sabitliyin tərəfdarıdır, enerji qiymətlərinin artması müəyyən mənada Azərbaycana əlavə gəlir gətirsə də, bu proses paralel olaraq inflyasiyanı artırır, xüsusilə idxal inflyasiyasını gücləndirir. Nəticədə, ölkəyə gətirilən məhsullar bahalaşır və bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir.
Ekspert qeyd edir ki, mövcud vəziyyət şirkətlər üçün də əlavə çətinliklər yaradır. Belə ki, onun sözlərinə görə, İran üzərindən, xüsusilə Bəndər-Abbas limanı vasitəsilə həyata keçirilən tranzit daşımalar əvvəl daha əlverişli və ucuz marşrut hesab olunurdu. Lakin regionda artan risklər bu marşrutun fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb, bəzi hallarda isə faktiki olaraq dayandırıb:
"Bu isə alternativ marşrutlara yönəlməni qaçılmaz edir. Lakin alternativ yollar daha bahalı olduğundan, daşınma xərcləri artır və nəticədə bu, məhsulların son qiymətinə təsir edir. Hətta İrandan idxal olunmayan mallar belə, ümumi logistika xərclərinin yüksəlməsi səbəbindən bahalaşa bilər.

Xalid Kərimli: Azərbaycanın tranzit ölkə kimi rolunun artması üçün Zəngəzur dəhlizinin açılması vacibdir
X.Kərimli qeyd edib ki, Azərbaycan üçün İran üzərindən həm Türkiyə, həm də Naxçıvanla əlaqələr mühüm əhəmiyyət daşıyır. Dediyinə görə, mövcud qeyri-müəyyənliklər bu istiqamətdə də riskləri artırır və daşınma xərclərinin yüksəlməsinə səbəb olur. Sahibkarlar alternativ marşrutlara yönəldikcə əlavə maliyyə yükü ilə qarşılaşırlar.
Müsahibimiz vurğulayıb ki, İran Azərbaycan üçün ərzaq məhsullarının idxalında əsas istiqamətlərdən biri olub. Bu kanalda yaranan risklər və məhdudiyyətlər gündəlik istehlak məhsullarının bazarına da təsirsiz ötüşməyəcək. Nəticədə, həmin məhsulların qiymətlərində ciddi artım müşahidə oluna bilər:
"Regionda baş verən proseslər həm biznesin xərclərini artıracaq, həm də inflyasiya vasitəsilə əhalinin gündəlik xərclərinə əlavə yük gətirəcək".
İqtisadçı bildirib ki, Azərbaycanın tranzit ölkə kimi rolunun artması üçün Zəngəzur dəhlizinin açılması vacibdir:
"Bu dəhlizin qapalı olması ölkənin ötürücü gücünü aşağı salır".
Zeynəb Rzayeva
Bakı 




