Bakıda Novruz bayramı ölkənin bütün bölgələrində olduğu kimi bu il də xüsusi coşqu ilə qeyd olunacaq.
Bakıvaxtı.az-ın xəbərinə görə, martın 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən və ötən il istifadəyə verilən yeni istirahət parkında Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ruhumuza bahar gəlir” adlı möhtəşəm Novruz şənliyi baş tutacaq.
Tədbirdə Bakı sakinlərinin, şəhərin qonaqlarının, uşaq evlərinin balaca sakinlərinin və internat məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulur. Xüsusi bayram ab-havasında bəzədilmiş parkda xalq tətbiqi sənət nümunələrinin təqdim olunacağı çadırlar qurulacaq, gənc rəssamların əl işləri nümayiş etdiriləcək.
Şənlikdə milli geyimli atlıların, dəvələrin, ponilərin müşayiəti ilə Kosa, Keçəl, Bahar qızı, nağaraçılar, jonqlyorlar, pəhləvanlar və musiqiçilər iştirak edəcək, bayram ovqatı yaradacaqlar. Mərkəzi səhnədə populyar incəsənət nümayəndələrinin və rəqs kollektivlərinin çıxışı planlaşdırılır, kəndirbazlar öz məharətlərini göstərəcək. İdman meydançasında zorxana, güləş, kəndirdartma və gimnastika üzrə nümunəvi çıxışlar olacaq.
Çadırlarda müxtəlif sahələr üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara paxlava və çay təqdim olunacaq. Novruzun əsas personajları tonqal ətrafında sakinlərlə birgə rəqs edəcək, tədbirə rəng qatacaq.
Gün ərzində davam edəcək şənliyin paytaxt sakinləri və qonaqlar üçün yüksək bayram əhval-ruhiyyəsi yaradacağı gözlənilir.
Əli Hüseynov
Bakı 




