• Bakı C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

Sosial media və mənəvi tənəzzül: Ceyhun Məmmədovdan XƏBƏRDARLIQ

SİYASƏT

17 Mart 2026 | 11:26

Sosial media və mənəvi tənəzzül: Ceyhun Məmmədovdan XƏBƏRDARLIQ

Deputat Ceyhun Məmmədov son çıxışında dünya miqyasında baş verən prosesləri mənəvi və sosial aspektdən şərh edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Məmmədov bildirib ki, hazırda qlobal gündəlikdə iqtisadi böhranlar müzakirə edilərkən, əslində bəşəriyyət ciddi mənəviyyat böhranı ilə üz-üzədir.

O qeyd edib ki, əvvəlki nəzəriyyələrə görə, bəşəriyyətin texnoloji və iqtisadi inkişafı ilə din və mənəvi dəyərlərə ehtiyac azalacaq, lakin reallıq tam fərqlidir: “Bəşəriyyət inkişaf etdiyi halda mənəvi çöküş yaşayır və əsl mənəvi kamilliyə çatmır”, – Məmmədov vurğulayıb.

Parlamentari bildirib ki, qloballaşma artıq reallıq olaraq həyat tərzinə çevrilib və ölkəmiz də bu çağırışlarla üz-üzədir. Məmmədov Ulu Öndər Heydər Əliyevin Sovet dövründə milli-mənəvi dəyərlərin qorunması istiqamətində atdığı addımları xatırladıb. O vurğulayıb ki, Heydər Əliyev ana dilinin Konstitusiyada təsbit olunması və milli bayramların keçirilməsi kimi tədbirlərlə gələcək dövrləri hesablayaraq strategiya qurub.

Ceyhun Məmmədov Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini və milli-mənəvi dəyərlərin qorunmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Məmmədov xüsusilə qeyd edib ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində Prezident İlham Əliyevin bu mövzuda səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır.

Məmmədovun sözlərinə görə, müasir dövrdə dünyada gedən müharibələr yalnız hərbi xarakter daşımır, beyinlərin və düşüncələrin müharibəsi kimi də özünü göstərir.

“Qarabağda əldə etdiyimiz zəfəri həzm etməyən qüvvələr bu gün bizi mənəvi baxımdan çökdürməyə çalışır”, – deyə o bildirib.

O həmçinin sosial medianın roluna diqqət çəkib: “Sosial media ənənəvi medianı üstələyərək proseslərin tənzimlənməsini çətinləşdirir. Bu baxımdan qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün aparılan dəyişikliklər çox təqdirəlayiqdir”.

Ceyhun Məmmədov əlavə edib ki, boşanmaların sayının artması, əhalinin azalması və mənəvi tənəzzül sürətli və çevik qərarların qəbul edilməsini və preventiv tədbirlərin gücləndirilməsini tələb edir. O vurğulayıb ki, proseslərə gec reaksiyalar gələcəkdə mənfi tendensiyaların qarşısını almağı daha çətin edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Mart 2026