Milli Məclis dövlət büdcəsinə aid vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsinə görə cərimələrin tutulması qaydasının dəyişməsini ilk oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayətinin predmeti olan vəsaitin əhatə dairəsi genişləndirilərək dövlətə məxsus olan hüquqi şəxslərin vəsaiti də maddənin təsir dairəsinə salınır.
Maddənin hazırda qüvvədə olan sanksiyasında cərimənin məbləği konkret aralıqda - 9 min manatdan 13 min manatadək nəzərdə tutulduğu halda, təklifə görə "cinayətin predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) yüz faizi miqdarında" müəyyən edilir. Bu dəyişikliklə cərimənin miqdarı birbaşa vurulan zərərlə əlaqələndirilir.
Eyni zamanda, külli miqdarda törədilən əməllərə görə alternativ cəza növü kimi 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da əlavə edilir.
Sənədə görə, müvafiq əməlləri ilk dəfə törətmiş şəxs vurduğu ziyanı tam ödədikdə məsuliyyətdən azad olunacaq.
Xatırladaq ki, "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Əli Hüseynov
Bakı 




