• Bakı C

    8.52 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Süni intellekt və iş dünyası: hüquqi boşluqlar və həll yolları

CƏMİYYƏT

17 Mart 2026 | 16:13

Süni intellekt və iş dünyası: hüquqi boşluqlar və həll yolları

Süni texnologiyaların sürətlə inkişaf etdiyi müasir mərhələdə süni intellekt əmək bazarında köklü dəyişikliklərə səbəb olaraq həm iş yerlərinin strukturunu, həm də əmək münasibətlərinin mahiyyətini yenidən formalaşdırır. Ənənəvi iş modellərinin transformasiyası, rəqəmsal platformaların genişlənməsi və qərarvermə proseslərində alqoritmlərin rolunun artması yeni hüquqi və sosial reallıqlar yaradır.

Bu dəyişikliklər fonunda mövcud qanunvericiliyin adekvatlığı, işçilərin hüquqlarının qorunması və onların yeni əmək mühitinə uyğunlaşması məsələləri hüquqi müstəvidə xüsusi aktuallıq kəsb edir.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, süni intellekt texnologiyalarının əmək bazarına sürətli inteqrasiyası ənənəvi iş yeri konsepsiyasını və əmək münasibətlərinin arxitekturasını köklü şəkildə dəyişdirərək, əmək hüququnda tamamilə yeni, kompleks bir tənzimləmə ehtiyacı formalaşdırır. Bu proses təkcə mexaniki işlərin avtomatlaşdırılması ilə məhdudlaşmır, həm də idarəetmə və qərarvermə funksiyalarının süni intellekt alqoritmlərinə dövr edilməsi ilə "alqoritmik menecment" fenomenini yaradır:

"Hüquqi baxımdan yanaşdıqda, mövcud əmək qanunvericiliyi bu cür qeyri-standart iş formalarına, xüsusən də rəqəmsal platformalar üzərindən qurulan müasir iqtisadiyyat reallıqlarına tam hazır deyil, çünki işəgötürən və işçi arasındakı klassik tabelik münasibətləri artıq mürəkkəb alqoritmik zəncirlərlə əvəz olunur".

Müsahibimizin sözlərinə görə, ilk növbədə, işçilərin hüquqlarının rəqəmsal mühitdə qorunması üçün "alqoritmik şəffaflıq" və "izah edilə bilmə" (explainability) prinsipləri əmək qanunvericiliyinə imperativ normalar kimi daxil edilməlidir. İşəgötürənlər və xüsusən də korporativ subyektlər işçilərin işə qəbulu, fəaliyyətinin qiymətləndirilməsi və ya işdən azad edilməsi proseslərində istifadə olunan süni intellekt sistemlərinin iş prinsipləri barədə personala ətraflı məlumat verməyə borclu olmalıdırlar:

"İşçinin fəaliyyətinin saniyəbəsaniyə izlənilməsi şəxsi həyatın toxunulmazlığı hüququ ilə birbaşa konflikt yaratdığı üçün, iş yerində biometrik nəzarət və məlumatların alqoritmik emalı ciddi qanuni çərçivələrə salınmalı, yalnız mütləq zərurət olduqda və işçinin açıq, birmənalı razılığı əsasında həyata keçirilməlidir".

Rüstəm Əzimzadə: İşçinin ayrı-seçkiliyə məruz qalması halları qanunvericilikdə sərt şəkildə qadağan edilməlidir

R.Əzimzadə qeyd edib ki, əmək bazarında baş verən struktur dəyişiklikləri fonunda işçilərin yeni reallıqlara uyğunlaşması üçün "davamlı təhsil və ixtisasartırma hüququ" fundamental əmək hüququ kimi tanınmalıdır. Avtomatlaşdırma nəticəsində ixtisar riski ilə üzləşən işçilərin yenidən profilləşdirilməsi yükü yalnız dövlətin deyil, həm də süni intellekt texnologiyalarından iqtisadi səmərə əldə edən korporasiyaların üzərinə hüquqi öhdəlik kimi qoyulmalıdır. Onun dediyinə görə, bundan əlavə, məsafədən iş və platforma əməyi zamanı tərəflər arasında yaranan münasibətlər ənənəvi çərçivədən çıxdığı üçün, xüsusilə elektron müqavilələrin hüquqi tənzimlənməsi zamanı yaranan problemlər operativ şəkildə həll edilməli, rəqəmsal əmək müqavilələrində süni intellektin rolu və tərəflərin alqoritmik xətalara görə məsuliyyəti dəqiq müəyyən olunmalıdır:

"Digər tərəfdən, əmək mübahisələrinin həlli mexanizmləri də bu rəqəmsal transformasiyaya uyğunlaşdırılmalıdır. Süni intellektin qəbul etdiyi alqoritmik qərarlar nəticəsində işçinin ayrı-seçkiliyə məruz qalması halları qanunvericilikdə sərt şəkildə qadağan edilməli və bu cür pozuntulara görə obyektiv məsuliyyət birbaşa işəgötürən şirkətin üzərində qalmalıdır. Belə zərərlərin sübuta yetirilməsi çətinliyi nəzərə alınaraq, diskriminasiya halları üzrə sübut etmə vəzifəsi işçidən alınaraq, istifadə etdiyi alqoritmin qərəzsizliyini hüquqi cəhətdən əsaslandırmalı olan işəgötürənin üzərinə keçirilməlidir".

Hüquqşünas onu da vurğulayıb ki, dövlətlər əmək bazarında süni intellektin tətbiqini inhisara almaq və tənzimləmək üçün xüsusi audit xidmətindən istifadə və rəqəmsal nəzarət mexanizmləri formalaşdırmalıdırlar. Bu çərçivədə, beynəlxalq təcrübə, xüsusən də qlobal olaraq intensiv müzakirə olunan etika və kibertəhlükəsizlik standartları nəzərə alınmaqla, əmək bazarı üçün milli və beynəlxalq hüquqi çərçivələr sinxronlaşdırılmalıdır:

"Yalnız işçi hüquqlarını müasir texnoloji çağırışlara qarşı sığortalayan, korporativ idarəetmə maraqları ilə sosial ədalət arasında balans yaradan sistemli hüquqi yanaşma əmək bazarının dayanıqlı və təhlükəsiz gələcəyini təmin edə bilər".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR