• Bakı C

    8.52 m/s

  • USD - 1.7

    EUR - 1.9545

    RUB - 2.0926

Qadınları “iş” vədi ilə Türkiyəyə apardı – 8 il cəza aldı  

CƏMİYYƏT

17 Mart 2026 | 16:13

Qadınları “iş” vədi ilə Türkiyəyə apardı – 8 il cəza aldı  

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Gülarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az-ın Musavat.com-a istinadən məlumatına görə, 1986-cı ildə Şamaxı rayonunda anadan olmuş Gülarə Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri – təkrar törədilməklə cinayətini törətməkdə təqsirli bilinib. Məhkəmə araşdırmaları zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs tamah məqsədilə qadınları aldadaraq xaricə aparmaq üçün əvvəlcədən əlbir olduğu şəxslərlə cinayətkar qrup yaradıb.

O əsasən “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq qadınlara yüksək maaşlı iş vəd edib. Zərərçəkmişlər bu vədlərə inanaraq Türkiyəyə yollanıblar. Lakin onlar Quşadası rayonunda yerləşən “Çukur” adlı kafeyə aparılıb və burada pul müqabilində kişi müştərilərlə cinsi əlaqəyə məcbur ediliblər. İstintaqla azı 5 qadının bu üsulla cinsi istismara məruz qaldığı təsdiqlənib. İş materiallarına sərhədkeçmə sənədləri, həmçinin zərərçəkmişlərin ifadələri daxil edilib.

Gülarə Həsənova məhkəmədə özünü qismən təqsirli hesab edib. O bildirib ki, qadınları tanımayıb, onların Türkiyəyə getmək qərarı könüllü olub və heç kimə zor tətbiq etməyib: qadınların öz istəkləri ilə getdiyini, pasportlarını almadığını, əldə olunan gəlirin bir hissəsini əmək haqqı kimi götürdüyünü iddia edib. Lakin məhkəmədə dindirilən zərərçəkmişlər fərqli mövqe sərgiləyib. Onların hər biri bildirib ki, əvvəlcədən iş vədi ilə aldadılıblar və Türkiyəyə çatdıqdan sonra cinsi istismara məruz qoyulublar.

Zərərçəkmişlərin sözlərinə görə, onların fəaliyyəti Türkiyədə Aidə və Doğuş adlı şəxslər tərəfindən təşkil olunub və hər biri müstəqil şəkildə məhkəmədə bu faktları təsdiqləyib. Məhkəmə bütün sübutları və ifadələri nəzərə alaraq Gülarə Həsənovanı təqsirli bilib və ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.


SON XƏBƏRLƏR