Bakının bütün rayonlarında Novruz Bayramı ilə bağlı genişmiqyaslı bəzədilmə və təşkilati işlər tamamlanıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şəhərin əsas və daxili küçələri Novruz atributları - Kosa və Keçəl fiqurları, səməni kompozisiyaları ilə bəzədilib. Hər rayonda bu atributlar üçün xüsusi meydançalar və quraşdırmalar hazırlanıb.
Məlumata görə, ən böyük səməni quraşdırması Yasamal rayonunda yer alıb. Bununla yanaşı, hər rayon öz ərazisində nümunəvi bir küçə seçərək başdan-başadək bayram elementləri ilə bəzəyib.
Hazırlıqlar çərçivəsində ABAD məhəllələrində də tədbirlər keçirilir. Artıq Yasamal, Nizami və Sabunçu rayonlarında təntənəli tədbirlər keçirilib, digər rayonlarda da bayram proqramları başlayıb.
Bildirilib ki, martın 18-də şəhər miqyasında böyük Novruz tədbiri planlaşdırılır. Tədbirdə ənənəvi musiqi və çal-çağır proqramları yer alacaq.
Novruz ərəfəsində paytaxtda geniş təmizlik aksiyası təşkil edilib. Aksiyada kommunal xidmətlərlə yanaşı, şəhər sakinləri də iştirak ediblər.
Şəhər üzrə bayram ab-havası artıq hiss olunur və Novruzla bağlı silsilə tədbirlərin davam etdirilməsi gözlənilir.
Əli Hüseynov
Bakı 




