• Bakı C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

ABŞ-İran gərginliyi yeni qlobal qarşıdurmanın başlanğıcıdırmı?

SİYASƏT

09 Yanvar 2026 | 16:34

ABŞ-İran gərginliyi yeni qlobal qarşıdurmanın başlanğıcıdırmı?

İran ətrafında son həftələrdə baş verən proseslər təkcə Yaxın Şərqin gündəmində deyil, beynəlxalq siyasətin əsas müzakirə mövzularından birinə çevrilib.

ABŞ Prezidenti Donald Trampın sərt açıqlamaları, Çinlə bağlı səsləndirilən iddialar, Venesuela və İran kimi ölkələrin enerji bazarından sıxışdırılmasına yönələn siyasət dünya gücləri arasında rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Bu prosesin regional siyasi balanslara, enerji təhlükəsizliyinə və böyük dövlətlərin strateji davranışına necə təsir göstərəcəyi suallar yaradır. ABŞ-İran münasibətlərindəki gərginlik hər dəfə regional böhranların fitilini çəkir və bu gərginlik yalnız bu ölkələr arasında deyil, qlobal güc balansının bir hissəsi kimi formalaşır.

Məsələylə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki,  Vaşinqtonun İrana təzyiqi təkbaşına İranla məhdudlaşan siyasət deyil. Onun sözlərinə görə, bu proses daha çox Çinlə rəqabətin enerji üzərindən idarə olunan yeni mərhələsidir:

“ABŞ İran və Venesuela kimi ölkələri bazardan sıxışdırmaqla Çinin enerji alternativlərini məhdudlaşdırmağa çalışır. İranın zəifləməsi Pekinin enerji təchizatında boşluq yaradır və bu, Vaşinqtonun strateji planlarına uyğundur. Tramp administrasiyasının açıqlamaları da göstərir ki, Çin uzunmüddətli rəqib kimi qəbul olunur və İran bu rəqabətdə həlledici zəncir rolunu oynayır”.

Müsahibimiz hesab edir ki, buna görə də İran ətrafında baş verənlər təkcə regional böhran deyil, qlobal güc balansının tərkib hissəsidir.

ABŞ-İran gərginliyinin Yaxın Şərq üçün yarada biləcəyi yeni təhlükələrə gəlincə. Z.Qarayeva deyib ki, gərginliyin artması regionda mövcud riskləri daha da kəskinləşdirir. İranın müxtəlif ölkələrdə geniş proksi şəbəkəsi var və bu qrupların aktivləşməsi lokal münaqişələri regional qarşıdurmaya çevirə bilər. Hörmüz boğazı kimi strateji nöqtələrdə gərginlik enerji bazarına birbaşa təsir edər və dünya iqtisadiyyatında sarsıntı yarada bilər. Körfəz ölkələri özlərini yeni hərbi risklərin hədəfində görə bilər:

“ABŞ-ın hərbi zərbələri İran tərəfindən daxili təbliğat vasitəsinə çevrilə bilər və bunun nəticəsində regionda yeni radikallaşma dalğası yarana bilər. Bütün bunlar Yaxın Şərqin daha qeyri-sabit bir mərhələyə daxil olacağı ehtimalını artırır”.

Züriyə Qarayeva: İran ətrafında baş verən hər dəyişiklik Azərbaycan üçün strateji əhəmiyyət daşıyır

Politoloqun dediyinə görə, İran hakimiyyəti xarici təhdid ritorikasından istifadə edərək daxili narazılığı boğmağa çalışır:

“Xameneinin son çıxışlarında ABŞ-ni günahlandırması bunun açıq göstəricisidir. Xarici təhlükə iddiası daxildə birliyi gücləndirməyə hesablanmış klassik bir siyasətdir. Bununla belə, ölkədə sosial narazılığın dərinliyi bu ritorikanın təsirini əvvəlki qədər güclü etmir. Xalq iqtisadi çətinlikləri və siyasi təzyiqləri daha çox rejimin məsuliyyəti kimi görməyə başlayıb. ABŞ ilə gərginlik artarsa, daxili siyasi parçalanma daha da dərinləşə bilər”.

“İran ətrafında baş verən hər dəyişiklik Azərbaycan üçün strateji əhəmiyyət daşıyır” deyən müsahibimiz qeyd edib ki, Güney Azərbaycanın siyasi aktivliyi və etirazlara qoşulması prosesin bizə birbaşa təsirini artırır. İranın zəifləməsi regiondakı güc balansını dəyişdirə və yeni geosiyasi imkanlar yarada bilər:

“Eyni zamanda gərginliyin böyüməsi sərhədlərimizə yaxın yeni təhlükələr doğura bilər. Azərbaycan balanslı siyasət yürütməli və regional vəziyyəti diqqətlə izləməlidir. Bu proses həm risk, həm də gələcək üçün yeni perspektivlər yarada biləcək mürəkkəb bir mərhələdir”.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR

09 Yanvar 2026