Ukrayna müharibəsi uzandıqca Avropanın həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən ciddi şəkildə tükəndiyi daha açıq görünməyə başlayıb.
Müharibənin ilk aylarında emosional həmrəylik və təhlükəsizlik instinkti ilə hərəkət edən Avropa indi daha soyuq hesab aparır və bu hesabın nəticəsi onu əvvəlki mövqeyindən uzaqlaşdırır. Çünki, Avropa uzun müddətdir qənaət etmədiyi resursları bir münaqişəyə xərcləyir, enerjidən tutmuş sənayeyə, inflyasiyadan tutmuş ictimai sabitliyə qədər hər sahədə ağır itkilər yaşayır. Rusiya qazının dayanması bütün qitənin sənaye strukturunu sarsıtdı, enerji bahalığı fabrikləri bağlama həddinə gətirdi, böyük şirkətlər istehsal mərkəzlərini ABŞ-yə köçürməyə başladı. Avropanın iqtisadi onurğası hesab olunan Almaniya belə bu yükün altından qalxa bilmir.
Bu vəziyyət yalnız iqtisadi deyil, siyasi parçalanmaya da səbəb olub. Şərqi Avropa ölkələri daha sərt mövqedə qalmaq istəyir, Qərbi Avropa isə artıq açıq şəkildə “dialoqa dönmək lazımdır” mesajı verir. Fransa və İtaliyanın ardıcıl açıqlamaları göstərir ki, Avropa liderləri müharibənin davam etməsinin öz ölkələrini daxildən zəiflətdiyini anlayırlar. Enerji bahalığı, inflyasiya, maaşların geriləməsi və fermer etirazları Avropanın sosial sabitliyini sarsıdır, radikal və populist qüvvələr sürətlə güclənir. Bu isə Avropa üçün həm siyasi, həm də təhlükəsizlik baxımından daha böyük risklər yaradır.
Bütün bunlarla paralel olaraq ABŞ-nin öz maraqlarını daha açıq şəkildə önə çəkməsi Avropanın mövqeyinin yumşalmasına təsir edir. Vaşinqton Tramp dövründən etibarən Avropanın sənayesini özünə çəkmək üçün ciddi təşviq paketləri hazırlayıb, enerji bazarında Avropanı öz maye qazına bağlayıb və Ukrayna müharibəsində əsas qərarverici kimi davranır. Avropa isə real mənada asılı vəziyyətə düşərək müstəqil strategiya yürütmək imkanını itirir. Bu mənzərənin fonunda Ukraynanın litium yataqlarının amerikalı oliqarxa verilməsi kimi xəbərlər müharibənin yalnız hərbi deyil, həm də iqtisadi maraqlar uğrunda gedən böyük oyun olduğunu xatırladır.
Rusiya tərəfi isə hücumlarını davam etdirir və “Oresnik” kimi strateji raketlərdən istifadə etməsi gərginliyin nə qədər təhlükəli həddə çatdığını göstərir. Polşada belə raketin təkanlarının hiss olunması müharibənin NATO sərhədinə bir addım daha yaxınlaşdığını göstərdi. Avropa risklərin böyüdüyünü, amma həm hərbi, həm də maliyyə baxımından bu yükü sonsuz müddət daşıya bilməyəcəyini anlayır.
Əslində Avropanın mövqeyinin dəyişməsinin səbəbi çox sadədir: bu müharibə uzandıqca ən çox uduzan tərəf məhz Avropanın özüdür. Ona görə də indiki mərhələdə Paris, Roma və bir sıra digər paytaxtların səsləndirdiyi “Rusiya ilə dialoq bərpa olunmalıdır” mesajı geri çəkilmə deyil, reallığın qəbuludur. Avropa anlayır ki, öz resurslarını sonsuz müharibəyə xərcləməklə nə Ukraynanı xilas edə bilər, nə Rusiyanı zəiflədə bilər, nə də öz dayanıqlığını qoruya bilər. İndi Avropa üçün əsas sual müharibəni necə bitirməkdən çox, özünü bu münaqişənin altından necə çıxarmaqdır. Bu dəyişiklik həm geosiyasi nizamda, həm də qlobal güc balansında yeni fazanın başladığını göstərir.
Alim Nəsirov
Bakı 




