• Bakı 21° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Şeyxin səlahiyyətləri niyə azaldıldı? 

SİYASƏT

24 May 2025 | 10:11

Şeyxin səlahiyyətləri niyə azaldıldı? 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səlahiyyətləri azaldılıb. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin Əsasnaməsinə dəyişiklik edilib. Dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyin olunması səlahiyyətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi ilə əlaqədardır.

“İlahiyyat məzunları işsiz qalırdı”

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında bu mövzuya toxunub:

“Əslində bu məsələ uzun müddət müzakirə olunurdu. Nəhayət, qərara gəlindi ki, bu iş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə həvalə olunsun. Burada önəmli məsələ odur ki, əvvəlki dövrdə Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsini və Azərbaycan İlahiyyat İnstitutunu bitirənlərə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) din xadimi kimi fəaliyyət göstərməyə imkan vermirdi. Bu gənclərin çoxu işsiz qalmışdı. Bakı Dövlət Universitetinin təxminən 1000-ə yaxın gənc məzunu olmuşdu, lakin dövlətin vəsait qoymasına, bu cür adamların yetişdirilməsinə baxmayaraq, onların heç biri QMİ tərəfindən işlə təmin edilmirdi. İndi bu məsələyə son qoyulub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlahiyyat institutunun və Bakı Dövlət Universitetinin məzunlarına tədricən şərait yaradır. Hesab edirəm ki, bu, təqdirəlayiq haldır. Proses dövlətin özünün nəzarətində olmalıdır. Dövlət də bunu edir. Artıq bu sahədə işlər görülür”.

“Məscidlərdə milli kadrların yetişdirilməsi istiqamətində davamlı səylər göstərilməlidir”

C.Məmmədovun fikrincə, hələ görüləsi çox iş var:

“Din xadimi vəzifəsi asan iş deyil. Din xadimi işləyən şəxsin həm də praktiki təcrübəsi olmalıdır. Yəni nəzəriyyə yetərli deyil. Ona görə də Azərbaycan İlahiyyat İnstitutunun məzunlarıının bu praktikaya tam olaraq yiyələnməsinə və gələcəkdə ənənələrin tam formada müasir din xadimlərinə ötürülməsinə ehtiyac var. Din xadimi həm ölü yuyur, həm namaz qıldırır, həm də dəfn edir və digər işləri görür. Bu kifayət qədər ağır və məsuliyyətli vəzifədir. Ona görə də İlahiyyat İnstitutunu bitirən, bu sahədə çalışan məzunların praktiki biliklərinin artırılması istiqamətində səylər daha da gücləndirilməlidir. Din xadimlərinin təyinatına həddindən artıq həssas  yanaşılmalıdır. Biz mərhələli şəkildə bütün məscidlərdə milli kadrların yetişdirilməsi istiqamətində davamlı addımlar atmalıyıq. Bunu etmədiyimiz təqdirdə çətin olacaq”.


SON XƏBƏRLƏR

23 May 2025