Aprelin 8-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərmərə Qrupu Stareji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suveri qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a QMİ-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Şeyxülislam Akkan Suverin iki qardaş ölkə-Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına verdiyi töhfələri müsbət qiymətləndirdiyini bildirib. Onunla uzun müddətdən bəri davam edən dostluğuna böyük önəm verdiyini qeyd edib, münasibətlərin gələcəkdə də faydalı olacağına inandığını deyib.
Səmimi qarşılanmaya və fəaliyyətinə verdiyi qiymətə görə QMİ sədrinə minnətdarlığını bildirən Akkan Suver Şeyxülislam həzrətlərinin dünyada dinlər və mədəniyyətlərarası anlaşmanın əldə edilməsi sahəsindəki xidmətlərini xüsusi dəyərləndirib.
Türkiyəli qonaq QMİ sədri Allahşükür Paşazadəni bu il mayın 7-8-də İstanbulda gerçəkləşəcək 28-ci Avrasiya Ekonomi Zirvəsinə dəvət etməkdən qürur duyduğunu vurğulayıb.
Bildirib ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçiriləcək Sammitə dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilər dəvət olunub. Şeyxülislam Allahşükür Paşazadənin tədbirdə fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.
Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb, xatirə fotosu çəkilib.