"Skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsi istifadəçilər və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Unutmaq olmaz ki, skuter nəqliyyat vasitəsidir və onu idarə edən şəxs yol hərəkətinin iştirakçısı kimi müəyyən edilmiş qaydalara əməl etməli, ətrafdakı şəxslərin təhlükəsizliyini nəzərə almalıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. O qeyd edib ki, avqustun 22-də paytaxtın Yasamal rayonunda skuter idarə edən şəxsin yıxılaraq ağır xəsarət alması və sonradan həyatını itirməsi bu nəqliyyat vasitəsindən istifadə zamanı yol verilən kiçik bir ehtiyatsızlığın belə ağır, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyini bir daha göstərir.
Skuterlərin ümumi istifadədə olan avtomobil yollarında yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməklə yalnız yolun sağ kənar zolağı ilə hərəkətinə icazə verilir. Skuterlərin avtomagistrallarda hərəkəti qadağandır. Həmçinin skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir.
Şöbə rəisi bildirib ki, bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın saxlanılmasını və nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirir, yıxılma və toqquşma ehtimalını artırır. Səkilərdə piyadaların arasından sürətlə keçmək isə xüsusilə uşaqlar, yaşlılar və hərəkət imkanları məhdud şəxslər üçün ciddi təhlükə törədir.
İşıqforun siqnallarına və yol nişanlarının tələblərinə əməl edilməməsi, nəqliyyat axınının əksinə hərəkət edilməsi ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Hərəkət zamanı mobil telefondan istifadə diqqətin yayınmasına və yaranan təhlükəyə vaxtında reaksiya verilməməsinə gətirib çıxarır.
Valideynlər azyaşlıların elektrik skuterlərindən istifadəsinə xüsusi məsuliyyətlə yanaşmalıdırlar. Uşağın skuteri hərəkətə gətirə bilməsi onun yol şəraitini, sürəti və məsafəni düzgün qiymətləndirmək bacarığına malik olması demək deyil. Bu vasitəyə oyuncaq kimi yanaşılması və uşaqların ondan istifadəsinə qeyd-şərtsiz şərait yaradılması ağır nəticələr doğura bilər.
“Bir daha skuter istifadəçilərini yol hərəkəti qaydalarına ciddi riayət etməyə, piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa, valideynləri isə uşaqların bu vasitələrdən istifadəsinə nəzarəti gücləndirməyə çağırırıq”, - deyə o bildirib.




