• Bakı 20° C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

“Son zəng”də geyim qadağası? - Məktəbli forması həm hüquqi, həm də mənəvi baxımdan uyğun addımdır

CƏMİYYƏT

23 May 2025 | 10:59

“Son zəng”də geyim qadağası? - Məktəbli forması həm hüquqi, həm də mənəvi baxımdan uyğun addımdır

“Son zəng” yaxınlaşdıqca məzunların ağlında tək bir sual olur: "Necə geyinəcəyik?" Son illərdə bu mərasimə fərqli tərzdə geyinmək meyli artsa da, ənənəvi məktəbli formasının üstünlüyü hələ də qorunub saxlanılır.

Bəs şagirdlər necə geyinməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, təhsil müəssisəsi və şagird arasında münasibətlərdən söhbət gedirsə, təbii ki, burada etik normaların, ümumi qanunvericiliyə və təhsil sisteminin daxili qaydalarına uyğun müəyyən davranış prinsiplərinə riayət olunması vacib sayılır. Bu, həm məktəb mühitinin qorunması, həm də şagirdlərin sosial məsuliyyət hissinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır:

"Məlum olduğu kimi, iyunun 14-ü şagirdlər üçün dərs ilinin son günüdür. Həmin tarix tədris prosesinin rəsmi hissəsi olduğuna görə, şagirdlər məktəbdə təhsil formasında iştirak etməlidirlər. Bu, həm intizamın qorunması, həm də məktəb mühitinin ciddiyyətinin saxlanması baxımından vacibdir".

Ekspert qeyd edir ki, “Son zəng” günündə məktəbli forması ilə iştirak etmək həm hüquqi, həm də mənəvi baxımdan uyğun addımdır:

“Əlavə ödənişlə xüsusi geyimlər almaq, valideynləri əlavə xərcə salmaq zəruri deyil. Çünki fərqli geyimlər təkcə maddi yük yaratmır, həm də sosial bərabərsizlik hissi formalaşdırır. Məktəb forması isə hər kəs üçün əlçatan və standartdır. Bu da bərabərliyin qorunmasına xidmət edir”.

Elçin Əfəndi: “Son zəng” həm də məsuliyyətli bir mərhələnin başa çatmasıdır

Müsahibimiz onu da vurğulayıb ki, onbirincilər özlərindən sonra gələcək siniflər üçün davranış nümunəsi yaratmalıdırlar:

“Son zəng” təkcə bir bayram deyil, həm də məsuliyyətli bir mərhələnin başa çatmasıdır. Bu mərhələdə şagirdlər davranışları ilə məktəbin adını layiqincə təmsil etməlidirlər. Tədbirdən sonra isə - artıq məktəbin hüdudlarından kənarda - istədikləri şəkildə geyinmək və qeyd etmək onların şəxsi seçimidir”.

Bəs məktəblərdə “Son zəng” tədbiri zamanı məzun geyimləri ilə bağlı qadağa varmı?

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, təlimatda şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilib:

“Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapıb. Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR