• Bakı 12° C

    11.39 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

SSRİ bayrağı kim(lər)ə lazım idi? - Bu, xalqın tələbi deyil

SİYASƏT

02 Dekabr 2025 | 11:30

SSRİ bayrağı kim(lər)ə lazım idi? - Bu, xalqın tələbi deyil

"Azərbaycan 70 il sovetlərin tərkibində qalıb. 70 il müddətində müstəqilliyimiz, azadlığımız olmayıb və sərvətlərimiz Rusiyaya daşınıb. Digər sosialist ölkələr də Azərbaycanın milli sərvətlərini mənimsəyiblər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib.

Onun sözlərinə görə, 1918-20-ci illərdə qurduğumuz müstəqil dövlət qısa müddətdə darmadağın edilib:

"İşğala qarşı mübarizə aparsaq da, böyük selin qarşısında tab gətirə bilmədik. Sovet vaxtı əhalinin də həyat səviyyəsi digər respublikalara nisbətdə aşağı olub. Yəni Azərbaycan xalqının haqları qorunmayıb və s. Amma biz 70 il ərzində müstəqilliyi, azadlığı unutmamışıq. İndi dünyada 1000-dən çox xalq var, amma sadəcə 200 xalqın müstəqil dövlət qurmaq şansı olub. Azərbaycan xalqı da onlardan biridir”.

Müsahibimiz vurğulayıb ki, müstəqillik elə bir nemətdir ki, milli pasportumuzu əlimizə alaraq dünyanın istənilən bölgəsinə gedə bilirik. Dünyanı gəzəndə də öz dövlətimizə güvənirik ki, arxamızda müstəqil Azərbaycan durur və öz dövlətimiz bizim hüquqlarımızı qoruyacaq, təhlükəsizliyimizi təmin edəcək:

“İnsanın digər canlılardan fərqi də odur ki, ləyaqəti, şərəfi var və sadəcə qarnı üçün yaşamır. Bu gün bizim ləyaqətimiz də müstəqil dövlətə sahib olmağımız, azadlığımızdır. Ona görə də kiminsə müstəqil Azərbaycanda keçmiş SSRİ bayrağı qaldırması müstəqil insanımızın ləyaqətinə qəsddir".

Mütəllim Rəhimov: Kiminsə Azərbaycanda keçmiş SSRİ bayrağı qaldırması müstəqil insanımızın ləyaqətinə qəsddir

Həmsöhbətimiz hesab edir ki, bir müddət öncə İşimlidə və bugünlərdə isə Bakıda SSRİ bayrağının qaldırılması təsadüfi ola bilməz:

"1920-ci ildə müstəqil Cümhuriyyətimiz işğal ediləndə xalqımız müqavimət göstərdi. Sovetlər dönəmində milli-mənəvi, əxlaqi dəyərlərimiz imperiya ideologiyası ilə uyğunlaşmadı. Ona görə də Azərbaycanda sosializm xalqın geninə hopmadı. Bunu 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra da gördük. Ölkəmizdə sadəcə bir Kommunist Partiyası yaradıldı, sonra üç yerə bölündü, sonda ləğv olundu. Çünki xalqımızın komminizmə birmənalı meyli olmayıb. Bunun əvəzinə çoxsaylı milli partiyalar yaradıldı və hələ də fəaliyyətlərini davam etdirirlər”.

M.Rəhimov bildirib ki, ən qısa ömürlü təşkilatlardan biri məhz Kommunist Partiyası oldu:

“Bu o deməkdir ki, cəmiyyət kommunizmi dəstəkləmir. İndi kimlərinsə SSRİ bayrağını qaldırması da cəmiyyətin istəyindən doğan tələb deyil. Kənardan cəmiyyətimizə sırınan məsələdir".

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Dekabr 2025