q
  • Bakı 13° C

    5.94 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Starmerin qərarı: Qərb ittifaqında taktiki ayrılıqlar dərinləşir

DÜNYA

17 Aprel 2026 | 15:23

Starmerin qərarı: Qərb ittifaqında taktiki ayrılıqlar dərinləşir

Yaxın Şərqdə İran ətrafında artan gərginlik fonunda böyük güclərin hansı mövqe tutacağı beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə ABŞ ilə İran arasında qarşıdurma ehtimalının yüksəlməsi Qərb müttəfiqlərinin bu prosesdə hansı rol oynayacağı sualını aktuallaşdırır.

Bu kontekstdə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ölkəsinin müharibəyə cəlb olunmayacağı ilə bağlı qəti bəyanatı diqqət çəkir. Londonun bu mövqeyi yalnız konkret bir böhranla bağlı qərar kimi deyil, ümumilikdə Britaniyanın xarici siyasət kursunda mümkün dəyişikliklərin siqnalı kimi qiymətləndirilir. Ənənəvi olaraq ABŞ ilə yaxın hərbi və siyasi koordinasiya xətti ilə tanınan Britaniyanın daha ehtiyatlı mövqe sərgiləməsi həm transatlantik münasibətlər, həm də regional təhlükəsizlik balansı baxımından yeni suallar doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu bəyanat Britaniyanın daha praqmatik və seçici xarici siyasət modelinə keçdiyini göstərir. Onun sözlərinə görə, əvvəllər London ABŞ ilə birlikdə bir çox hərbi proseslərdə daha aktiv rol alırdı. İndi isə qərarların avtomatik deyil, konkret maraqlar əsasında verildiyi görünür:

“Bu, daxili siyasi və iqtisadi faktorların da xarici siyasətə təsirinin artdığını göstərir. Hökumət artıq hərbi iştirakın cəmiyyət üçün hansı nəticələr doğuracağını daha ciddi hesablayır. Bu yanaşma müəyyən mənada post Brexit dövrünün yeni reallıqlarına uyğunlaşma kimi də qiymətləndirilə bilər”.

Politoloq deyib ki, ABŞ və Britaniya arasında strateji tərəfdaşlıq dərin tarixi köklərə malikdir və bir bəyanatla dəyişəcək səviyyədə deyil. Lakin bu kimi fərqli mövqelər tərəflər arasında taktiki fikir ayrılıqlarının artdığını göstərir. Dediyinə görə, Vaşinqton daha aktiv hərbi iştirak gözlədiyi halda London ehtiyatlı davranmağa üstünlük verir. Müsahibimiz hesab edir ki, bu isə münasibətlərdə müəyyən gərginlik yarada bilər, amma sistemli böhran yaratmaz:

“Əksinə, bu vəziyyət Britaniyanın daha müstəqil aktor kimi çıxış etməyə çalışdığını göstərir. Uzunmüddətli perspektivdə bu, tərəfdaşlığın formasını dəyişə bilər, lakin mahiyyətini yox”.

Züriyə Qarayeva: Vaşinqton daha aktiv hərbi iştirak gözlədiyi halda London ehtiyatlı davranmağa üstünlük verir

Z.Qarayeva qeyd edib ki, birbaşa hərbi iştirakdan imtina qısa müddətdə təhlükəsizlik risklərini azalda bilər. Bu halda ölkə mümkün cavab zərbələrinin hədəfi olmur. Eyni zamanda hərbi və iqtisadi resursların qorunması təmin edilir. Lakin bu, tam təhlükəsizlik demək deyil. Çünki müttəfiqlərdən gələn təzyiqlər və gözləntilər arta bilər. Bundan əlavə, regionda vəziyyət daha da gərginləşərsə, dolayısı ilə təsirlərdən qaçmaq çətin olacaq.

Həmsöhbətimiz hesab edir ki, bu qərar  xüsusilə ABŞ və digər Qərb müttəfiqləri tərəfindən siyasi təzyiq ehtimalı arta bilər. Müttəfiqlər kollektiv təhlükəsizlik anlayışı çərçivəsində daha çox birlik gözləyirlər. Britaniyanın fərqli mövqe sərgiləməsi isə bu gözləntilərlə ziddiyyət yarada bilər.

“Digər tərəfdən, bu qərar Londona diplomatik manevr imkanları da verir. Münaqişədə neytral və ya balanslı mövqe vasitəçilik rolunu gücləndirə bilər. Amma bu balansı qorumaq getdikcə daha mürəkkəb və riskli prosesə çevriləcək”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR