• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

STRATEJİ VEKTOR: Bakıdan Brüsselə və Brüsseldən Bakıya… - Əkbər Qoşalı yazır
YAZARLAR
12 Mart 2026 | 15:00

STRATEJİ VEKTOR: Bakıdan Brüsselə və Brüsseldən Bakıya… - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Dünən Bakıda önəmli diplomatik görüş oldu. Söhbət Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Birliyi Şurasının Prezidenti Antonio Kosta arasında aparılan danışıqlardan gedir.

Bu, iki tərəf arasındakı protokol səfəri olmaqdan savayı, həm də dəyişən geosiyasi gerçəkliklər fonunda yeni strateji mərhələnin ismarıcı kimi dəyərləndirilə bilər.

Hazırkı dünya nizamında enerji, təhlükəsizlik və iqtisadi bağlar artıq yalnız iqtisadi terminlər sayılmır; onlar dövlətlərin suveren mövqeyinin, regional təsir imkanlarının və qlobal sistemdəki rolunun göstəricilərinə çevrilmişdir.
Bax, məhz bu kontekstdə Azərbaycan ilə Avropa Birliyi arasındakı münasibətlər son illərdə yeni məzmun qazanaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir - enerjidən daha artıq olan tərəfdaşlığa.

Azərbaycan–Avropa münasibətlərinə bəzən yalnız enerji prizmasından baxmaq istəyənlər olur; halbuki gerçəklik daha geniş və çoxqatlıdır.

Enerji əməkdaşlığı əlbəttə, bu münasibətlərin əsas sütunlarından biridir. Azərbaycanın təşəbbüsü ilə yaradılmış və regionun geoiqtisadi xəritəsini dəyişdirən Güney Qaz Dəhlizi (Southern Gas Corridor) layihəsi artıq Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.

Günümüzdə Avropanın 10-dan çox dövləti Azərbaycan qazından istifadə edir və ümumilikdə 16 ölkəyə qədər genişlənən bu enerji xəritəsi Azərbaycanın qlobal enerji bazarında nüfuzunu daha da möhkəmləndirmişdir.

Lakin məsələ yalnız qaz ixracı ilə məhdudlaşmır. Azərbaycanın Avropa ilə əməkdaşlığı artıq üç əsas istiqamətdə inkişaf edir:
-enerji təhlükəsizliyi,
-ticarət və yatırım əlaqələri,
-siyasi dialoq və regional sabitlik.

Bu baxımdan Azərbaycan Avropa üçün həm də Güney Qafqazda sabitliyin və iqtisadi dinamikanın mühüm dayağı kimi çıxış edir.

Dünya siyasətində son illərdə müşahidə olunan gərginliklər – enerji böhranı, daşıma marşrutlarının dəyişməsi və qlobal təhlükəsizlik riskləri – Avropa üçün yeni tərəfdaşlıq xəritələrinin formalaşmasına səbəb olmuşdur.
Bax, bu prosesdə Azərbaycan özəl yer tutur.

Çünki Azərbaycan enerji resurslarına malik ölkə olmaqla yanaşı həm də Avropa ilə Asiya arasında yerləşən strateji logistik və kommunikasiya mərkəzidir.

Xəzər hövzəsi, Türküstan (Orta Asiya) və Qafqaz arasında yerləşən Azərbaycan faktiki olaraq Avrasiyanın yeni iqtisadi arteriyalarından birinə çevrilməkdədir.

Elə buna görə Bakı ilə Brüssel arasında dialoq həm də geniş Avrasiya məkanında sabitlik və əməkdaşlıq üçün önəmli platform rolunu oynayır.

Bu, belə deyək, suveren siyasətin Avropa ilə dialoqudur…

Azərbaycanın Avropa ilə münasibətlərində diqqət çəkən mühüm cəhətlərdən biri də balanslı və suveren xarici siyasət xəttidir.

Rəsmi Bakı beynəlxalq münasibətlərdə tərəfdaşlıq prinsipini bərabərlik və qarşılıqlı hörmət üzərində qurmağa çalışır. Bu model nə asılılıq, nə də geosiyasi bloklaşma üzərindədir; bu, daha çox qarşılıqlı çıxarlar üzərində formalaşır.

O baxımdan Azərbaycan–Avropa münasibətləri yeni bir diplomatik model – suveren dövlətlərin praqmatik və strateji əməkdaşlıq modeli kimi də qiymətləndirilə bilər.

Bəs yeni mərhələnin anlamı nədir?

Bakıda keçirilən görüş və verilən açıqlamalar Azərbaycan ilə Avropa arasında münasibətlərin artıq uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

Bu tərəfdaşlıq həm də siyasi dialoq, regional təhlükəsizlik və qlobal əməkdaşlıq baxımından yeni perspektivlər açır.
Başqa sözlə, indi Bakı ilə Brüssel arasında qurulan əlaqələr gələcək Avrasiya geosiyasətinin vacib xəttini formalaşdırır.
Və bu xəttin mərkəzində Azərbaycan dayanır – suveren siyasəti, enerji potensialı və geosiyasi mövqeyi ilə!

Dövlətimizin görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR