• Bakı 33° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Sual kitabçası imtahan iştirakçılarına niyə verilmir?

CƏMİYYƏT

22 Fevral 2022 | 20:37

Sual kitabçası imtahan iştirakçılarına niyə verilmir?

Magistratura imtahanında sual kitabçalarının təhvil verilməsi imtahan verən şəxslər arasında ciddi narazılığa səbəb olur. Qeyd edək ki, magistratura imtahanı ildə iki dəfə keçirilir və iştirakçılar hər imtahan üçün 50 manat ödəniş etməlidir.

Xanlar Xanlarzadə: Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bakıvaxtı.az-a sual kitabçalarının imtahandan sonra iştirakçılara verilməməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə dünya təcrübəsində də kitabçaların imtahan verənlərə paylanılması nümunəsinə demək olar ki, rast gəlinmir: “Həmin materiallar daha çox təşkilatın intellektual mülkiyyəti hesab olunur. Test tapşırıqlarının hazırlanmasına kifayət qədər vəsait və əmək sərf olunur”.

Mətbuat katibi bu işin göründüyü qədər sadə olmadığını vurğulayıb: “İmtahanda hər bir test tapşırığının biliyin qiymətləndirilməsində oynadığı rol da təhlil edilir və bütün bunlar onun pasportuna yazılır. Bu tapşırıqların bəzilərinin uzun müddət keçdikdən sonra müxtəlif imtahanlarda istifadə edilməsi də istisna edilmir. Ona görə də tapşırıqları mühafizə etmək zərurəti meydana çıxır və kütləvi yayılması məqsədəuyğun hesab olunmur”.

Kamran Əsədov: DİM-in iştirakçıdan pul aldığı təqdirdə kitabçanı verməməsi doğru deyil

Təhsil eksperti Kamran Əsədov isə bu qərarın yalnış olduğunu bildirib. Ekspert Bakıvaxtı.az-a deyib ki, Azərbaycanda magistratura pilləsinə test vasitəsi ilə qəbul imtahanları ilk dəfə 2006-cı ildən etibarən keçirilməyə başlayıb və 2006-2016-cı illər ərzində imtahanda iştirak etmək üçün üç manat vəsait tələb olunurdu: “Həmin vaxt imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirirdi. 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzi yarandı və keçirilən imtahanlar xidməthaqqı olaraq qiymətləndirildi, vəsaitlər müəyyənləşdirildi. Hal-hazırda imtahan iştirakçıları 50 manat pul ödəyirlər. Ödənilən pul ona görə verilir ki, DİM-in imtahanların keçirilməsi, sualların hazırlanması üçün çəkdiyi bütün xərclər qarşılansın. Yəni, faktiki olaraq, DİM-in hər bir bakalavar üçün çap etdiyi kitabçanın pulu ödənir və ona görə də birmənalı şəkildə həmin sual kitabçaları imtahan iştirakçılarına geri verilməlidir”.

DİM tərəfindən bildirilir ki, bazada kifayət qədər suallar yoxdur.  K. Əsədov DİM-in əsaslandırdığı səbəblərin bəhanədən ibarət olduğunu bildirib: “İmtahanda istifadə edilən suallar əvvəlki illərdə olan suallardır, yeni suallar deyil. Birincisi, imtahan üçün 50 manat ödəniş düzgün deyil. Çünki onlar hər dəfə 50 manat alırlarsa, yeni sual hazırlamalıdırlar və buna görə də köhnə sual kitabçasını verə bilərlər. Bu, məntiqsizdir. Ümumiyyətlə, DİM-in pul aldığı təqdirdə kitabçanı verməməsi doğru deyil. Sonra da deyirlər ki, hansı sualdan narazılığınız varsa appelyasiyaya verin. Axı, sən mənə sual kitabçasını verməmisən, mən necə bilə bilərəm ki, hansı sualda problem var. Xülasə, DİM-in bu yanaşmasını doğru hesab etmirəm”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

19 Iyul 2025