Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə G7 sammiti çərçivəsində görüş təklif edib. Bu təklif beynəlxalq siyasətdə yeni müzakirələrə səbəb olub.
Volodimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronun da iştirak edə biləcəyi belə bir görüş müharibənin diplomatik həlli üçün mühüm imkan yarada bilər.
Son aylarda döyüş əməliyyatlarının intensivləşməsi, tərəflərin bir-birinə qarşı hücumlarını davam etdirməsi və sülh danışıqlarının faktiki olaraq dayanması fonunda bu təklif diqqət çəkir. Ekspertlər hesab edirlər ki, G7 kimi nüfuzlu platformada keçiriləcək mümkün görüş həm siyasi, həm də təhlükəsizlik baxımından mühüm nəticələr doğura bilər.
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu təklif ilk növbədə Ukraynanın diplomatik təşəbbüsü ələ almaq cəhdidir. Onun sözlərinə görə, Zelenski göstərmək istəyir ki, Kiyev sülh danışıqlarından qaçan tərəf deyil. Eyni zamanda, o, Rusiyanın mümkün imtinasını beynəlxalq ictimaiyyət qarşısında siyasi arqumentə çevirməyə çalışır. Politoloq bildirib ki, G7 platforması Ukraynaya Qərbin aparıcı dövlətlərinin dəstəyini nümayiş etdirmək imkanı verir:
“Bu baxımdan təklif həm diplomatik, həm də informasiya müharibəsinin tərkib hissəsidir. Kiyev bununla Moskvanın real niyyətlərini də test etməyə çalışır”.
Müsahibimiz hesab edir ki, ABŞ və Avropa liderlərinin iştirakı danışıqlara əlavə siyasi çəkidarlıq gətirə bilər. Bu halda tərəflər arasında əldə ediləcək hər hansı razılaşmanın icrasına beynəlxalq zəmanət mexanizmləri əlavə oluna bilər. Qarayevaya görə, Trampın iştirakı xüsusilə vacibdir, çünki Vaşinqtonun mövqeyi münaqişənin gələcək inkişafına birbaşa təsir göstərir:
“Makron və digər Avropa liderləri isə Avropanın təhlükəsizlik maraqlarını təmsil edə bilərlər. Bu format tərəflər arasında vasitəçilik imkanlarını genişləndirir. Lakin eyni zamanda Rusiya belə formatı özünə qarşı kollektiv təzyiq kimi də qiymətləndirə bilər”.
Züriyə Qarayeva: Tərəflərin mövqeləri arasında ciddi fərqlər qaldığından yekun razılaşma əldə etmək asan görünmür
Putinin bu təklifi qəbul edəcəyi təqdirdə hansı məsələlərin müzakirə olunacağına gəlincə, həmsphbətimiz bildirib ki, əsas gündəm mövzusu atəşkəs və döyüş əməliyyatlarının dayandırılması olacaq. Bununla yanaşı, əsirlərin mübadiləsi, humanitar məsələlər və mülki əhalinin təhlükəsizliyi də müzakirə oluna bilər. Dediyinə görə, Ukrayna təhlükəsizlik zəmanətləri məsələsini ön plana çıxarmağa çalışacaq. Rusiya isə ərazi və siyasi tələblərini gündəmə gətirə bilər. Həmçinin gələcək danışıqlar mexanizminin formalaşdırılması məsələsi də vacib mövzulardan biridir. Tərəflərin mövqeləri arasında ciddi fərqlər qaldığından yekun razılaşma əldə etmək asan görünmür.
“Bu təşəbbüs müharibənin gedişində real dönüş yarada bilərmi” sualını cavablandıran politoloq deyib ki, hazırkı şəraitdə dərhal sülh sazişinin əldə olunacağına dair gözləntilər yüksək deyil. Bununla belə, liderlər səviyyəsində birbaşa təmasın özü belə mühüm hadisə hesab edilə bilər. Müharibələr çox zaman hərbi meydanda deyil, diplomatik masada yekunlaşır. Ona görə də belə görüşlər gələcək razılaşmalar üçün zəmin yarada bilər.
“Digər tərəfdən, tərəflərin strateji məqsədləri hələ də ciddi şəkildə fərqlənir. Bu səbəbdən mümkün görüşü daha çox uzunmüddətli diplomatik prosesin başlanğıcı kimi qiymətləndirmək olar”, - deyə Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 



