Rusiya Federasiyasının Kursk vilayətində yerləşən bələdiyyələrdən birinin sədri Kreml rəhbəri Vladimir Putinə Ukraynanın Sumı şəhərini ələ keçirməyi təklif edib. Bu "təklif" Putinin Kursk vilayətinin yerli rəhbərləri ilə görüşü zamanı səsləndirilib.
Bakıvaxtı.az-ın məlumatına görə , Qluşkov rayonunun rəhbəri Pavel Zolotaryov Putinə müraciətində Ukrayna ordusunu sərhəddən neçə kilometr geri çəkmək lazım olduğunu deyərək bildirib: "Sumı bizim olmalıdır. Biz yarımadada (Krımı nəzərdə tutur-red.) olduğu kimi yaşaya bilmərik. Sayımız daha çox olmalıdır. Heç olmasa Sumı. Məncə, belə olmalıdır. Bir ali baş komandan olaraq da sizinlə qalib gələcəyik”.
Bu sözlərə Vladimir Putin zarafatla cavab verib və müvəqqəti olaraq Kursk vilayətinin qubernatoru təyin edilən Aleksandr Xinşteynin adını çəkib: "Bax bu səbəbdən də Aleksandr Yevseyeviçi seçdik, o da hər şeyin daha çox olmasını istəyir”.
Politoloq İlham İsmayıl Bakıvaxtı.az-a deyib ki, Vladimir Putinin Kurskdakı görüşündə bir sıra məsələlər müzakirə olunub.
Ekspert vurğulayıb ki, Putin gələcək perspektiv planlarını aşkar edib:
"Putin və Zolotaryovun dialoqu göstərir ki, perspektivdə Sumı vilayətinə hücum mümkündür. İstanbul görüşündə də gündəmə gəlmişdi ki, Rusiya 5, hətta digər nümayəndənin dediyinə görə, 8 vilayəti tələb edib. Bunları xatırlatmaqda məqsədim odur ki, ötən gün Sumıya iki güclü hücum olub. Sumı hərbi təlim meydanına, ikincisi isə mərkəzə hücum edilib. 9 maydan sonra ilk hücumlardan biri də Sumıya olmuşdu, avtobus vurulmuş, 9 nəfər həyatını itirmiş, 5 nəfər yaralanmışdı. Sumı vilayətinə ciddi şəkildə quru qoşunları cəmlənilir. Quru qoşunlarının yığılması onu göstərir ki, Çasovyar, Konstantinovka, Toretsk istiqamətində Sumıyə hücumu reallaşdıracaq addımlar atılır. Xüsusən, ABŞ-dən tam arxayın olduqdan sonra Rusiyanın əl-qolu daha geniş açılıb. Ona görə də mümkündür ki, bu istiqamətdə hücumlar davam edəcək".
İlham İsmayıl, politoloq
Rusiya Sumı vilayətini götürə biləcəklərmi? Müsahibimiz qeyd edib ki, bu, sual altındadır:
"Ukrayna ordusu da dayanmır, hücumlar təşkil edir. Xüsusən, "İsgəndər", "Kinjal" raketləri üçün detallar hazırlanan zavodlar hədəf götürülüb. Elə bilirəm ki, bu istiqamətdə "yay kampaniyası" məhz Sumıdən başlaya bilər".
Aydın Baxış