Çox zaman sürücülər gördükləri hər boş yerdə avtomobillərini park edirlər. Pilləkənlərin başında, piyada keçidinin üzərində və s...
Lakin bəzən öz rahatlıqlarını düşünən sürücülər piyadaların gediş-gəlişində yaratdıqları narahatlığı başa düşmür və ya başa düşmək istəmirlər.
Bəs belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, belə hallarla mübarizə aparmaq asan deyil. Onun sözlərinə görə, media vasitəsilə dəfələrlə bu barədə məlumat verilsə də, insanlar bu davranışları normal hal kimi qəbul edirlər:
“Problem ondadır ki, əhali bu qayda pozuntusunun təsirini yetərincə dərk etmir”.
A.Əsədov qeyd edib ki, bu məsələ ilə bağlı yalnız xəbər verməklə kifayətlənmək olmaz. Genişmiqyaslı maarifləndirmə işləri aparılmalıdır:
“İnsanlara aydın şəkildə izah edilməlidir ki, pilləkənlərdə, keçidlərdə və ümumiyyətlə piyadalar üçün nəzərdə tutulan ərazilərdə nəqliyyat vasitəsi park etmək olmaz”.
Aslan Əsədov: Bəzi hallarda qanunların tətbiqində qeyri-qanuni yanaşmalar müşahidə olunur.
Qanunla belə hallar üçün cərimə nəzərdə tutulduğunu deyən ekspert əlavə edib ki, bu problemin kökü təkcə cərimə ilə aradan qalxmır. Onun sözlərinə görə, bəzi hallarda qanunların tətbiqində qeyri-qanuni yanaşmalar müşahidə olunur.
“Əgər bir sürücü dəfələrlə cərimələnməsinə baxmayaraq, yenidən eyni qayda pozuntusunu edirsə, burada məsələ artıq qanunun sərtliyi yox, onun tətbiq mexanizmi və ictimai düşüncədəki boşluqlarla bağlıdır. Bu kimi hallar göstərir ki, sadəcə inzibati tədbirlərlə deyil, həm də etik və sosial yanaşmalarla məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”,- deyə Aslan Əsədov vurğulayıb.
Mina Mikayılova